Ermənistan dron istehsal etmək istəyir

Ermənistan dron istehsal etmək istəyir backend

Qarabağ müharibəsi Ermənistan ordusunun nə qədər çarəsiz olduğunu ortaya qoydu. 44 günlük savaşın az qala hər günü düşmən tərəf üçün böyük itkilərlə nəticələnirdi. İndi Ermənistanda emosiyalar xeyli soyuyandan sonra ordunun gücsüzlüyünü çoxu etiraf edir.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Ermənistanda pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlamaq istəyirlər. Bunun üçün əvvəlcə tədris proqramı qəbul olunur. Proqramın rəhbəri Sedrak Vardanyan Qarabağ məğlubiyyətindən sonra bu istiqamətdə ciddi addımlar atmalı olduqlarını bildirib: “Savaş texnoloji baxımdan geri qaldığımızı göstərdi”.

Vardanyanın sözlərinə görə, tədris proqramını həyata keçirmək, PUA dizaynı ilə məşğul olmaq üçün Ermənistanda 65 emalatxana qurulacaq. Bura məktəblilər xüsusilə çox cəlb olunacaq. Onlara dronların dizaynının hazırlanması, istifadəsi öyrədiləcək. Proqram rəhbəri bununla gələcəkdə ölkədə dron istehsalının bünövrəsini qoyacaqlarını düşünür.

Vardanyan mətbuat konfransında Türkiyə pilotsuz uçuş aparatlarının keyfiyyətindən danışıb. O, hərbi sənayedə yeniliklərlə ayaqlaşmağın vacibliyindən söz açıb. Vardanyan proqrama müxtəlif sosial təbəqələrdən istənilən yaşda insanların qoşula biləcəyini söyləyib.

Türkiyənin pilotsuz uçuş aparatları keyfiyyətini Suriyada, Liviyada göstərmişdi. Qarabağ müharibəsində isə “Bayraktar” özündən bütün dünyada söz etdirməyi bacardı. Türkiyə dronlarına maraq kəskin artdı. Hətta “Bayraktar” təcrübəsini öyrənməyə can atanlar meydana çıxdı. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles türklərdən bu istiqamətdə çox şey öyrənə biləcəklərini açıq söylədi. Elə orada da dronların istehsalı ilə bağlı konkret addımlar atmaq fikrində olduqlarını ortaya qoydular.

Türkiyədə milli pilotsuz döyüş təyyarəsi ilə bağlı ideya 2007-ci ildə ciddi müzakirə olunmağa başlamışdı. Onda qardaş ölkədə Taktik Pilotsuz Uçuş Aparatı Sisteminin İnkişaf Proqramına start verilmişdi. Proqram zamanla effekt verməyə başladı. “Baykar Makina” Türkiyənin bütün dünyada fəxrinə çevriləcək iş ortaya qoydu. “Bayraktar”ın müştəriləri hər il bir az da artır. 2020-ci ildə “Baykar Makina”nın 154 pilotsuz uçuş aparatı istehsal etdiyi bildirilir.
Diaspora