Rusiyada yaşayan bakılı erməni prodüser: “Erməni milləti xəstəlikdən qurtulmalıdır...”

Rusiyada yaşayan bakılı erməni prodüser: “Erməni milləti xəstəlikdən qurtulmalıdır...” backend

Rusiyalı prodüser, “Mən qalıram”, “Ev”, “Beş gəlin” filmləri və “Karamazov qardaşları”, “Ləğv”, “Dövrümüzün qəhrəmanı”, “Apostol”, “Doktor Tırsa” serialları ilə tanınan rusiyalı prodüser Sergey Danielyan Bakıda anadan olub.

“Azərbaycanfilm” kinostudiyasında, Səməd Vurğun adına Rus Dram Teatrında çalışıb. Hazırda Moskvada yaşayır, özünə təqaüdçü deyir və Facebook səhifəsində statuslar paylaşır.

Musavat.com-un “Vestnik kavkaza”ya istinadən verdiyi xəbərə görə, bu günlərdə Danielyan belə bir ifadə işlədib ki, “erməni milləti özünə gəlməli və sağalmalıdır”. Eyni zamanda, Ermənistanın Azərbaycandan necə fərqləndiyinə dair fikirlərini bildirib.

“Mən sonuncu dəfə 1971-ci ildə uşaq ikən İrəvanda olmuşam. Bayram günü idi. İrəvanın Lenin prospektində böyük izdiham, insan dənizi vardı. Orda nə qədər erməni olardı? Cavab: 99.9%. Bu da sizə başqa bir mənzərə: yenə 1971-ci il. Bakı bulvarı boyu bayram izdihamı. Və bu izdihamda kimlər var? Azərbaycanlılar? Bəli, amma həm də ermənilər, gürcülər, talışlar, osetinlər, yəhudilər, ruslar, tatlar, dağ yəhudiləri, avarlar... sadalamaqdan yoruldum... Fərq bax, budur. Azərbaycanlılar sovet dövründən bəri başqa millətlərə qarşı beynəlmiləl münasibət bəsləyir və əminəm ki, həmişə belə olacaq. Azərbaycan belədir” – Danielyan qeyd edib.

Başqa bir statusda o yazır: “Hazırda 96 dostum var. Onlardan 8-i müxtəlif millətlərdəndir, qalan 88-i isə azərbaycanlıdır... 30 ildir arzu edirdim ki, Qarabağ [Azərbaycana] qayıtsın və bu, baş verdi. Mən hətta öz statuslarımla azca da olsa, buna kömək elədim. Mən Azərbaycanı sevirəm və onun üçün darıxıram. Xüsusən də Bakı üçün. Mən bu mədəniyyətdən tərbiyələnərək böyüdüm. Yalandan özümü göstərməyimə ehtiyac yoxdur. Düşünmürəm ki, sizlərdən kimsə [Azərbaycanın xalq yazıçısı] Anar Rzayevin hekayə və povestlərinin mətnlərini mən qədər yaxından bilsin. Mən onlarla böyüdüm və praktik olaraq, onları əzbər bilirəm. Musiqi təhsilim yoxdur, amma eşitmə qabiliyyətim demək olar ki, mükəmməldir. Mən “O qızı tapın” filmindən Qara Qarayevin bütün caz kompozisiyasını oxuya bilərəm. Eləcə də Fikrət Əmirovu, “1001 gecə” baletini demək olar, bütünlüklə oxuya bilərəm. Rasim Ocaqovun bütün filmlərini əzbər bilirəm. Hətta operator kimi harada fəaliyyətə başladığını da. Və mən onunla tanış idim”.
Erməni prodüser ardınca yazır: “Mən özümdən öyrənmişəm və bir az fortepianoda çala bilirəm. Vaqifi (Mustafazadə) ilk dəfə eşidəndən sonra az qala ağlımı itirəm. Onun üslubunda çalmağa, muğamın melodiyasını tam anlamağa çalışmışam. Amma məndə bu, yumşaq desək, alınmadı. Mən heç vaxt [caz bəstəkarı və pianoçu] Vaqif Mustafazadəni soyadı ilə çağırmıram. O, sadəcə, mənim kumirim Vaqifdir. Atam [bəstəkar] Niyazini tanıyırdı və mən onun evində olmuşam. Çox şey nənələrimdən mənə miras qalıb. Atamın anası [opera müğənnisi] Zeynəb Xanlarovanın, anam isə [pop müğənni] Flora Kərimovanın fanatı idilər. Mən belə böyümüşəm”.

Danielyan erməni dilində iyirmidən çox söz bilmədiyini, erməni qrammatikasını bilmədiyi halda, Azərbaycan dilində danışdığını etiraf edir. “Mən Azərbaycan toylarında olmuşam. Ancaq daha vacibi odur ki, Azərbaycanın yas mərasimlərində də iştirak eləmişəm. Bu, millətin mədəni kodunun çox vacib bir tərkib hissəsidir. Çox şey var idi, amma heç kim heç vaxt mənə zorla nəyi isə sırımayıb”, - Bakı ermənisi əlavə edib.
Diaspora