Türkiyənin İstanbul şəhərininin tarixi və mərkəzi səmtlərindən biri olan Sarıyer rayonunda Azərbaycan küçəsinin açılış mərasimi keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva, Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Genc, İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.Qonaqlar Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş küçənin girişində qoyulan “Azərbaycan küçəsinə xoş gəldiniz!” lövhəsinin qarşısında xatirə şəkli çəkdiriblər.
N.Mustafayeva bildirib ki, Sarıyer rayonundakı Cendere küçəsinin adı ötən il iyunun 13-də Baş Konsulluğun təşəbbüsü və Sarıyer rayon Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə dəyişdirilərək Azərbaycan olub: "Bu qərar tarixin bütün dövrlərində bir-birinə arxa, dayaq olan iki ölkə arasında qardaşlıq bağlarının güclənməsinin daha bir bariz nümunəsidir".
Ş.Gənc isə hər il minlərlə turistin ziyarət etdiyi İstanbulun ən uzun, geniş və tarixi küçəsində Azərbaycan sözünü ölümsüzləşdirən qərara imza atdığıma görə qürur duyduğunu vurğulayıb: "Artıq Azərbaycanın ürəyi Sarıyerdə döyünür. Azərbaycan küçəsi bundan sonra da dostluğumuzun, qardaşlığımızın sarsılmazlığını dünyaya nümayiş etdirəcək".
Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və abidəsinin ucaldıldığı park da məhz Sarıyer rayon bələdiyyəsinin ərazisində yerləşir. Ulu öndərin doğum və vəfat tarixləri Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü əsasında Sarıyer rayon bələdiyyəsinin protokol tədbirlərinin təqviminə daxil edilib.