Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən fəaliyyətə başlayıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.Qeyd edək ki, mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.
Həmçinin mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza da var. Ərazidə generator, avtomobil dayanacağı, iki ədəd idman şəhərciyi, ərzaq və soyuducu anbarlar yerləşir.
Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan ordusu tərəfindən həyata keçirilir.