“Nazirin xəbəri yoxdur ki…” – Etiraz

“Nazirin xəbəri yoxdur ki…” – Etiraz backend

Güney Azərbaycanın Təbriz Şəhər Şurasının üzvü Qulam Hüseyn Məsudi Reyhan İranın Təhsil naziri Məhəmməd Bəthayini irqçilikdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, o, İranın təhsil müəssisələrində qeyri-fars dillərin tədrisinə qoyulmuş qadağanın ölkə Konstitusiyasına zidd olduğunu bildirib.

“Görünür ki, nazirlər kabinetinin üzvü olan təhsil naziri ölkə konstitusiyası ilə tanış deyil. O həmçinin bilmir ki, ana dilinin məktəblərdə tədris olunması İranda yaşayan bütün xalqların əsas tələbidir. Konstitusiyanın 15-ci maddəsi də buna imkan yaradır.

Lakin nazirin bundan xəbəri yoxdur. Bu kimi açıqlamalar ölkə daxilində qarşıdurmaya gətirib çıxarır. Buna görə də ölkə rəsmiləri belə açıqlamalar verməzdən əvvəl qanunvericiliklə bağlı kitabları oxusalar pis olmaz”, - deyə şəhər şurasının üzvü bildirib.

Bundan əvvəl Urmiyadan olan millət vəkilləri Hadi Bahaduri və Nadir Qazipur, Təbrizin millət vəkilləri Məhəmməd İsmail Səidi, Zəhra Sai və Məhəmməd Hüseyn Fərhəngi, həmçinin Təbrizin imam cüməsi Məhəmmədəli Al-i Haşim və Güneyin digər rəsmi şəxsləri İranın təhsil nazirinin irqçi çıxışına etiraz edərək, Azərbaycan dilinin məktəblərdə tədris olunmasını tələb ediblər.

Qeyd edək ki, İranın təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərin tədrisinin qadağan edildiyini bildirərək, məktəblərdə fars dilinin tədris olunmasını “sistemin qırmızı xətti” adlandırmışdı.

O, həmçinin Azərbaycan və digər dilləri İran üçün “təhlükə” adlandırıb. Nazirin irqçi açıqlaması Güney Azərbaycanda etirazlara səbəb olub.
Diaspora