Erməni saytı: "Ermənistan rəhbərliyi hər vəchlə Azərbaycanı hücum etməkdən çəkindirməyin yollarını tapmalıdır"
Xəbər verildiyi kimi, Ermənistanda baş nazir Nikol Paşinyan yeni hökumətin iştirakı ilə Təhlükəsizlik Şurasının ilk iclasını keçirib.Ermənistanda konstitusiyaya edilmiş düzəlişlərdən sonra təhlükəsizlik şurası məsləhətverici orqandan məcbri qüvvəyə malik qərarlar qəbul edən struktura çevrilib.
Ermənistanın “ru.1in.am” saytının verdiyi məlumata əsasən, bu iclas Azərbaycanın aktivliyi sayəsində Ermənistanın baş üstündə yaranan yeni təhdidlərin fonunda keçirilib.
“Bakı son dövrlərdə Qarabağ cəbhəsində deyil, həm də Naxçıvan istiqamətində də aktiv hərəkətlilik nümayiş etdirir. Bundan başqa, Azərbaycan Belarus, İsrail və Türkiyədən uzaq məsafəni vura bilən raketlər alıb. Beləliklə, Azərbaycan bir yandan sərhəddə intensiv fəaliyyət göstərir, digər yandan isə uzaq məsafədən Ermənistana təhdid yaratmağı bacarır”, - yazıda qeyd olunur.
Məqalə müəllifi Aram Amatuni Bakı bununla hərbi diplomatiyanın yeni mərhələsinə və ya sadəcə olaraq “müharibə siyasəti”nə keçidini tamamladığını qeyd edir:
“Doğrudur, bu Azərbaycanın yaxın müddətdə müharibəyə başlamaq planlarından xəbər vermir. Bu daha çox Azərbaycanın keyfiyyətcə yeni müharibəyə hazırlığını göstərir. Bu taktika təkcə hərbi məsələləri deyil, həm də hərbi-siyasi və hərbi təbliğat sahələrini də əhatə edərək ən incə ictimai parçalara təsir etməyə cəhd edir”.
Aram Amatuninin fikrincə, belə bir situasiyada Ermənistan Azərbaycanın bu siyasətinə adekvat ola biləcək yeni müdafiə taktikasın keçməlidir. Bu taktikada əsas diqqət Azərbaycanı durdurmağın hərbi imkanlarının təmin edilməsinə, digər yandan isə Azərbaycanı siyasi yollarla dayandırmağın yollarının tapılmasına yönəlməlidir.
“Belə bir mürəkkəb vəzifə Ermənistandan öz resurslaırnı, o cümlədən insan ehtiyatlarını maksimal şəkildə səfərbər etməsini, habelə ölkədə hər hansı panika və təşviş dolu əhval-ruhiyyənin yayılmasına yol verməməsini tələb edir”, - müəllif yekunda bildirir.
Muxalifet.az