Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana yönəlik sərt bəyanatları Dağlıq Qarabağ münaqişəsinin həll prosesini ləngidir.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloq qeyd edib ki, keçmiş prezident Serj Sərkisyandan fərqli olaraq, Paşinyanın Ermənistanın münaqişədə iştirakını tamamilə inkar edir:
“Paşinyanın tutduğu xətt Qarabağ probleminin dinc yolla həlli baxımından mənfi tendensiyanın əsasını qoya bilər. Hesab edirəm ki, İrəvan bununla danışıqlardan yayınmağa cəhd edir. Ermənistanın indiki hakmiyyətinin əvvəlkindən fərqi bundan ibarətdir ki, Paşinyanın başçılıq etdiyi komanda Ermənistanı münaqişədən kənarda tutmağa çalışır. Moskvanın da bundan razı qaldığını düşünürəm”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya da münaqişənin həll prosesini mümkün qədər uzatmağa çalışacaq: “Rusiya TANAP-ın işə düşməsinə görə Azərbaycana təzyiqlər göstərməyə cəhd edəcək. Son zamanlar ABŞ-ın Azərbaycanla sıxlaşan təmasları göstərir ki, Vaşinqton Rusiyanın bölgədə fəallaşmasından narahatdır. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi son məktublarda da Vaşinqtonun Bakıyla münasibətlərə önəm verdiyini diqqətə çatdırdı.
Hesab edirəm ki, ABŞ Rusiyanın fəallaşmasına qarşı adekvat addım atmsa, bölgədə növbəti müharibənin başlanması qaçılmaz olacaq. Lakin danışıqlar və digər variantlar da nəticə verməsə, Azərbaycan heç kəsi gözləmədən hərbi əməliyyatlara başlamalıdır”.