İranda islahatçılara yaxınlığı ilə tanınan Tehran millət vəkili Mahmud Sadiqinin terror təşkilatı İŞİD-lə bağlı açıqlamaları ölkə gündəmində bomba effekti yaradıb.
Rəsmi Twitter hesabından apardığı bölgüdə İran Məclisindəki mübahisəli “FATF” qanun layihəsi müzakirələrinə toxunan Sadiqi, "İŞİD ötən illərdə qara pul yumaq üçün İran bankçılıq sistemini istifadə edirdi. Hətta bu hal Suriyanın etirazlarına belə səbəb olmuşdu" deyə, şok açıqlama verib.Narkotik və vergi qaçaqmalçılığı ilə məşğul olan böyük şəbəkələrin qara pulların yuyulmasına qarşı mübarizənin əleyhinə olan lobbinin içərisində olduğunu qeyd edən Sadiqi, "Onlar bank əməliyyatlarının şəffaf olmasından qorxurlar. İnqilabi şüarlarla mühafizəkarları qızışdıraraq, öz maraqlarını qorumağa çalışırlar" deyə, bildirib.
Sadiqi, İran banklarının beynəlxalq bank sisteminə inteqrasiyasının önündəki maneələrin iqtisadi sanksiyalardan daha çox ölkə daxili amillərdən qaynaqlandığını deyib.
İran Məclisində, bazar günü, terrora maliyyə dəstəyinin əngəllənməsinə yönəlik qanunda dəyişiklik edilməsinə dair hazırlanan və ictimaiyyətdə "FATF qanunu" kimi tanınan layihə, həddindən artıq mühafizəkar Müqavimət Cəbhəsinə yaxın millət vəkilinin etirazları səbəbiylə təxirə salınmışdı. Mənəvi liderliyini Ayətullah Misbah Yezdinin etdiyi Müqavimət Cəbhəsi tərəfdarı olan bir qrup, şənbə günü İran Məclisinin sədri Əli Laricaninin Qum şəhərindəki ofisi qarşısında “FATF” əleyhinə aksiya keçirib. İranda mühafizəkarlar, Hizbullah kimi bəzi təşkilatlara pul köçürülməyəcəyi əndişəsi ilə "FATF qanunu" kimi tanınan layihəyə qarşı çıxır.
Müxalifət.az