Qiymətlər bahalaşdı: Paşinyan tələyə düşdü – Son çarə

Qiymətlər bahalaşdı: Paşinyan tələyə düşdü – Son çarə backend

Serj Sərkisyanın nəzarətində olan oliqarxlar Ermənistanın yeni hökumətinə qarşı təzyiqlərini gücləndirməyə başlayıblar.

Axar.az xəbər verir ki, artıq bunun məntiqi nəticəsi olaraq dünəndən etibarən ölkədəki ilkin tələbat mallarının qiyməti artmağa başlayıb. Ermənistanda hələ də nüfuzunun çox güclü olması Serj Sərkisyanın Paşinyan hakimiyyətinə qarşı üstüörtülü şəkildə qara piar kampaniyası aparmasına şərait yaradıb.

Maraqlı məqam odur ki, Paşinyanın hakimiyyəti hazırkı zamanda bütün tərəflərdən təklənməyə başlayıb. “Sərkisyanın kölgəsi ilə savaşmaqdan” yorulan yeni baş nazir son çarəyə əl atıb. Yeni baş nazir qiymət artımı ilə əlaqədar olaraq oliqarxları tənqid edib, xalqı bütün oğrularla mübarizəyə səsləyib:

“Süni şəkildə qiymətləri qaldırmağa təşəbbüs göstərənlər sübut edirlər ki, qeyri-qanunilik qanunilikdən yaxşıdır. Gəlin oğruları və korrupsionerləri boykot edək”.

Əslində Ermənistanda qiymət artımı Paşinyanın hakimiyyətindən öncəki dövrlərdə başlamışdı. Belə ki, Serj Sərkisyanın hakimiyyətinin son dövrlərində bu artım xüsusilə açıq şəkildə hiss edilməyə başladı. Bu dövr ərzində ölkədə ətin, yağın və benzinin qiymətində daha çox artım müşahidə olundu. Sonradan erməni mətbuatı hətta ət bazarına nəzarət edən oliqarxların İraqı ətlə təchiz etdiyini və Ermənistanın özünə isə başqa ölkələrdən ət idxal edildiyini, ona görə də ölkədə ətin qiymətinin süni şəkildə artırıldığını bəyan etdi.

Məhz bu böhran erməni əhalisində etirazları bir qədər də körüklədi. Paşinyanın hakimiyyətə gəlməsində mühüm rol oynayan faktorlardan biri elə qiymət artımı oldu. Lakin görünür, Paşinyan hakimiyyətə gəlmək üçün istifadə etdiyi faktın tələsinə düşüb.

Maraqlıdır ki, Paşinyanın dolayısı yollarla mübarizə apardığı şəxslər siyahısında Serj Sərkisyanla münasibətləri yaxşı olmayan oliqarxlar da yer alır. Üstəlik, bu oliqarxlardan bir qismi zamanında Paşinyanın yanında yer alan şəxslər olublar. Buna ən bariz nümunə isə Samvel Aleksanyanın baş nazir seçkisində Paşinyanı dəstəkləməsidir.

Qeyd edək ki, 1 iyundan etibarən Ermənistanda ilkin tələbat mallarının qiyməti əhəmiyyətli dərəcə yüksəlib. Kənd təsərrüfatı məhsullarında artım 20-30% miqdarında olub.
Diaspora