Rus kəşfiyyatından Paşinyanla bağlı sensasion - İddia

Rus kəşfiyyatından Paşinyanla bağlı sensasion - İddia backend

Ermənistanda hakimiyyət dəyişikliyi ildırım sürətilə baş verdi.

Qısa vaxt ərzində başa çatan siyasi dəyişikliyin qaranlıq məqamları hələ də aktuallığını saxlayır. Maraqlıydı ki, regionda maraqları olan böyük güclər tərəflərdən heç birinə nə təzyiq etdilər, nə də dəstək verdilər. Bu, 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyi ilə yadda qalan Maydan Hərəkatına oxşayırdı. Ermənistanı öz nəzarətində saxlayan Rusiya da prosesləri səssizlik içində izlədi.

Teleqraf.com
xəbər verir ki, bununla bağlı Türkiyənin nüfuzlu media qurumlarında analitik material yayımlanıb.

Məqalədə keçmiş prezident Serj Sərkisyandan hakimiyyəti qiyam yolu ilə alan Nikol Paşinyanın amerikalı milyarder, rəngli inqilabların spekulyatoru Corc Sorosla gizli əlaqələrinin olduğu müzakirə edilir:

“Mayın 8-də parlamentdə keçirilmiş baş nazir seçkilərindən sonra prosesin qaranlıq məqaları üzə çıxmağa başlayıb. Baş nazir seçilən Nikol Paşinyanın Silahlı Qüvvələr, kəşfiyyat və təhlükəsizlik orqanlarına və strateji əhəmiyyətli siyasi dairələrə ABŞ-a yaxın adamları yerləşdirməsi Rusiyanın diqqətindən yayınmır. Moskvaya yaxın siyasi dairələr Paşinyanın Amerikanın layihəsi olduğunu açıq şəkildə dilə gətirirlər. Şübhəsiz ki, Kreml Paşinyanın anti-Rusiya mövqeyində dayanmış “Soros” Fondu ilə əlaqələrinin olduğu qənaətindədir.

Məsələn, Ermənistan Təhlükəsizlik Xidmətinin başçısı təyin edilmiş Armen Qriqoryan vaxtilə “Soros” Fondunun maliyyələşdirdiyi “Transparency International” təşkilatının koordinatoru vəzifəsini icra edib. Yeni kabinetdə yer alan Təhsil naziri Araik Arutunyan da əvvəllər “Helsinki Vətənpərvərlər” Fondu və “Transparency International”da müvafiq postları tutub.

Ermənistanın Dövlət Nəzarəti Xidmətinə rəhbəri təyin edilmiş David Sanasaryan indiyədək anti-Rusiya çıxışları ilə diqqəti çəkib. O, vaxtilə Rusiya bazalarının ölkədən çıxarılması ilə əlaqədar İrəvanda keçirilmiş kütləvi aksiyalara rəhbərlik etmişdi. Bununla yanaşı, Sanasaryan Qərbyönümlü İrs Partiyasında təmsil olunub ki, həmin siyasi təşkilatın rəhbəri “Soros” Fondundan qrantlar alan Raffi Ovannisyandır. Ovanisyan isə hakimiyyəti qiyamla ələ keçirmiş Paşinyanı dəstəkləyir.

Müdafiə Nazirliyi kimi strateji əhəmiyyətli bir qurumun rəhbəri təyin edilmiş Davit Tonoyan isə 1990-cı illərin sonlarında Ermənistanın NATO-dakı təmsilçisi olub. Rusiyada nəşr olunan “Moskovskiy komsomolets” qəzetinin iddiasına görə, Tonoyan 2005-ci ildə NATO tərəfindən ələ alınıb. Onun ABŞ-ın NATO-dakı hərbi ateşşesi Erik Larsenlə gizli əlaqələri var.

Paşinyan Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsinə isə Fransada doğulmuş, ABŞ-da təhsil almış Babken Ter-Qriqoryanı təyin edib. O, vaxtilə “Soros” Fondunun Ermənistan üzrə proqram koordinatoru olub. Qriqoryan Rusiya prezidenti Vladimir Putini açıq formada söyməsi ilə məşhurlaşıb”.

Beləliklə, Paşinyanı hakimiyyətə Sorosun gətirdiyini iddia olunur və bunun Rusiya kəşfiyyatına məlum olduğu qeyd edilir.

Qeyd edək ki, “Ermənistanda Paşinyan dönəmi və bölgədə dəyişən tarazlıq” başlıqlı məqalənin müəllifi Türkiyədə yaşayan azərbaycanlı analitik Elnur İsmayıldır.

Diaspora