Ermənistanın Yüksək Gərginlikli Elektrik Şəbəkəsi Qapalı Səhmdar Cəmiyyəti dövlət müəssisəsi olaraq qalacaq.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Təbii Resurslar və Enerji İnfrastrukturu naziri Artur Qriqoryan deyib. Onun sözlərinə görə, bu QSC 25 il müddətinə “Taşir” şirkətinə verilməli olsa da, sonradan tərəflər arasındakı müqavilə bəzi bəndlərin İrəvana sərf etməməsi ucbatında ləğv edilib.O, bu QSC-nin Qagik Çarukyana veriləcəyi ilə bağlı məlumatın yalan olduğunu deyib.
Qeyd edək ki, Yüksək Gərginlikli Elektrik Şəbəkəsi Qapalı Səhmdar Cəmiyyəti 1998-ci ildə yaradılıb. Bu QSC-nin “Taşir”ə verilməsiylə bağlı qərar cari ilin 12 aprelində Karen Karapetyanın rəhbərlik etdiyi hökumət tərəfindən imzalanıb.
“Taşir” şirkəti erməni milyarder Samvel Karapetyana məxsusdur. Bu şirkət 2015-ci ildən Ermənistan Elektrik Şəbəkəsi QSC-nin sahibidir. Karapetyan bu şirkəti “Rosneft”in rəhbəri İqor Seçinə məxsus “İnter” şirkətindən alıb. Ermənistan Elektrik Şəbəkəsi hazırda ölkədə yeganə elektrik enerjisi satışını həyata keçirən şirkətdir.