Gürcüstanla Rusiya arasında quru yol dəhlizinin olmaması Azərbaycan üçün xüsusi əhəmiyətə malikdir.
Amma, bu yaxınlarda Rusiya və Gürcüstan nümayəndələrinin Praqa görüşündə Abxaziyadan belə bir “ticarət dəhlizi”nin açılması məqsədilə müzakirələr aparılacağı barədə ilkin razılıq əldə olunmuşdu.Azərbaycan mətbuatı qonşu Gürcüstanın bu addımını arxadan zərbə kimi dəyərləndirdi, ermənilər isə sevinclərini açıq bildirirdilər ki, nəhayət Rusiya ilə birbaşa quru yolu açılacaq. 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra yolların tamamilə bağlanması onsuz da ağır olan Ermənistan iqtisadiyyatının vəziyyətini on ildir ki, daha da mürəkkəbləşdirib və əslində bu yol ticarət dəhlizindən çox ermənilərə nəfəslik, bütün mənalarda oksigen ola bilər. Hər bir dövlət kimi Gürcüstan da öz maraqlarını güdür və bu yolun açılmasının bütün müsbət və mənfi tərəflərini ölçüb-biçəndən sonra yolun açılmasına qərar verərsə.., qonşumuzu qınamaq da doğru deyil, əgər, həqiqətən də bu yol açılanda onun Gürcüstana xeyri Azərbaycanla yarana biləcək mümkün soyuq münasibətlərdən üstün olacaqsa.
Bu gün Paşinyanın Gürcüstana rəsmi səfərində Abxaziya yolu mütləq müzakirə olunacaq. Amma, dünən baş verən bir hadisə bu günkü görüşə heç cür nikbin sonluq vermir. Məsələ burasındadır ki, Putinin göstərişi ilə Suriya dövləti separatçı Abxaziyanın, Cənubi Osetiyanın müstəqilliyini tanıdığını bəyan edib. Təbii ki, bu Suriya siyasəti deyil! Bu addımı Əsəd Rusiyanın təsiri ilə atıb. Suriyanın belə bir mövqe göstərəcəyi rus politoloqların dediyinə görə illər öncə Rusiya tərəfindən hazırlanıb. Amma, bu tanıma addımının məhz niyə bu ərəfədə baş verməsi maraq doğurur.
Soçi görüşündə Paşinyanın Putindən xahiş etdiyi əhəmiyyətli məsələlərdən biri Abxaziyadan quru yolun bərpa edilməsi olub. Bu gün Paşinyanın xarici ölkəyə ilk rəsmi səfərə məhz Gürcüstandan başlaması da təsadüfi deyil. Ermənistanın İranla quru sərhəddindən nə qədər tələbat malları keçsə də Rusiya iqtisadiyyatından asılılığı, eyni zamanda hərbi silah-sursatın hava yolu gəlmə xərclərinin çox olması, bəzən də məhdudiyyət qoyulması Abxaziya yolunun açılmasını düşmən üçün zərurətə çevirib.
Bu mənada Suriyanın separatçı rejimləri tanıması bəyanatı Paşinyanın Gürcüstan səfərindən umduqlarına xeyli kölgə saldı, deyə bilərik. Paşinyanın Gürcüstan rəhbərliyini inandırmaq cəhdləri çox güman ki, cəhd olaraq da qalsın.
Ermənistanda iqtisadi vəziyyətinin yaxşılaşdırılması Paşinyan hökümətinin Qarabağ siyasəti qədər prioritetidir. Abxaziya quru yolu bu istiqamətdə açar rol oynayır desək yanılmarıq. Məsələ burasındadır ki, Gürcüstanın özü üçün də bu yolun açılmasının iqtisadi üstünlükləri var, amma separatçı rejimlərin Rusiya tərəfindən tanınması hələ Saakaşvili dövründən bu yolu tamam bağlamışdı. Vladimir Putinin Saakaşvilidən sonra yeni hakimiyyətlə münasibətləri yaxşılaşdırmaq cəhdləri Gürcüstan dövlətinin separatçı rejimləri tanımaqdan imtina etmə şərtləri ilə qarşılaşdığından Abxaziya yolu 10 ildir ki, tamam bağlı olaraq qalır. Son günlərdə hər iki ölkənin nümayəndələrinin iştirakı ilə Praqada təşkil olunmuş müzakirələrin Suriyanın addımından sonra arxa plana keçməsi şübhəsizdir.
Bu məsələnin bizim üçün vacib əhəmiyyət daşıdığını təkrar vurğulamaqda faydası var. Güman edirik ki, proses Azərbaycanın diqqət mərkəzində olacaq, baş tutmaması üçün bütün imkanlardan istifadə edəcəkdir. Düşmənə ikinci nəfəs vermək olmaz.
Moderator.az