Kremlin sərt tənqidçisi rusiyalı jurnalist Arkady Babchenko Kiyevdə qətlə yetirilib, polis bildirib.
41 yaşlı Arkady Babchenkonun xanımı ərini yaşadığı mənzilin blokunun girişində qan içində tapıb, o, təcili yardım maşınında vəfat edib.2016-cı ildə Rusiya hərbi təyyarəsinin qəzasından yazandan sonra Arkady Babchenko ölümlə hədələndiyini bildirib və ölkəsini tərk edib.
O, əvvəlcə Praqaya gedib, sonra isə Ukrayna paytaxtına köçüb. Arkady Babchenko Kremli açıq şəkildə tənqid edirdi.
Keçmiş müharibə jurnalisti Ukrayna telekanallarının birində aparıcı idi.
Qətl haqqında nə məlumdur?
BBC-yə açıqlamasında Ukrayna polis sözçüsü Yaroslav Trakalo jurnalistin ölümünü təsdiqləyib.
Məlumatlara görə, Arkady Babchenko arxadan bir neçə güllə yarası alıb.
Kiyev polis rəhbəri Andriy Kryshchenko yerli mediaya bildirib ki, onlar jurnalistin "peşə fəaliyyətinə" görə öldürülməsindən şübhələnirlər.
Ukraynanın millət vəkili Anton Herashchenko deyib ki, jurnalist çörək almaq üçün evdən çıxıb və qatil onun mənzilinin yaxınlığında gözləyirmiş.
Baş nazir Volodymyr Groysman Arkady Babchenko-nu "Ukraynanın Rusiya aqressiyası barədə dünyaya danışan əsl dostu" kimi təsvir edib.
"Qatil cəzasını almalıdır", baz nazir deyib.
Rusiya nə deyib?
Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Ukrayna hakimiyyətindən "qatilin dərhal tapılması üçün dərin təhqiqat" aparılmasını tələb edib.
Nazirlik jurnalistin ailəsinə və yaxınlarına başsağlığı verib.
Arkady Babchenko Facebook hesabında yazdığı sonuncu statusunda yazır ki, dörd il əvvəl bu gün (mayın 29-da) o, Ukrayna hərbçiləri ilə birgə vertolyota minmək və ölkənin şərqinə- müharibə ərazisinə getmək istəyib, ancaq rəhbərlik "vertolyotda yer olmadığı üçün" ona icazə verməyib.
Bir müddət sonra isə həmin vertolyor rusiyameyilli hərbçilər tərəfindən vurulub və 14 adam həlak olub. Jurnalist yazır ki, həmin gün onun "yenidən doğulması" idi: "Mən şanslıyam, yenidən doğuldum", o qeyd edib.
Arkady Babchenko kim idi?
Kremlin tənqidçisi kimi tanınan Arkady Babchenko Rusiyanın Suriya və Ukrayna siyasətinə qarşı çıxırdı.
2016-cı ilin dekabrında Qızıl Ordu xorunu Suriyaya konsertə aparan təyyarənin qəzaya uğraması haqda yazandan sonra ölkəsini tərk etmək məcburiyyətində qalıb.
41 yaşlı jurnalist 18 yaşında Moskvada hüquq üzrə təhsil alıb, rus ordusu sıralarında 1994-2000-ci illərdə Çeçenistandakı döyüşlərdə iştirak etmişdi.
„Bir əsgərin döyüşü" adlı kitabında o, savaşda gördüklərindən bəhs etmişdi.
Bundan sonra jurnalistliyə başlayan Arkady Babchenko 2014-cü ildə vurulan Ukrayna helikopteri ilə bağlı BBC-yə xəbər hazırlamışdı.
Kiyev jurnalistləri və siyasətçiləri son illərdə ölümcül hücumlarla çox üzləşiblər. Onların əksəriyyəti Kremli sərt tənqid edənlər olub.