Paşinyan ifşa olunur: O, əslində, kimdir?

Paşinyan ifşa olunur: O, əslində, kimdir? backend

“Əgər parlament fraksiyası məni seçməsə, heç kimi seçməyəcək. Baş nazirin seçiləcəyi gün bütün erməni xalqı meydanda olacaq.

Qoy, xalqın iradəsini yerinə yetirməməyə çalışsınlar”, - bu sözləri Ermənistandakı Məxməri İnqilabın rəhbəri Nikol Paşinyan deyib.

O, xalqı arxasınca aparmaq üçün analoji şüarlardan istifadə edir.

Kütləni manipulyasiya etməklə şəxsi məqsədinə çatmaq istəyir.

Ümumiyyətlə, əgər şüarlara və açıqlamalara diqqət yetirsək, tam mənzərəni görmək olar.

Misal üçün, Paşinyan dəfələrlə etirazçıları hüquq-mühafizə orqanları ilə münaqişəyə sövq edib:

“Arxaya addım atmaq olmaz, ancaq irəli. Bizi hökumət qüvvələri saxlaya bilməz. Biz onları əzməliyik...”

Bu çıxışlar və xalqın manipulyasiya edilməsi Paşinyana öz məqsədinə çatmağa kömək etdi. İndi o, başına “tac” qoyulacağı vaxtı gözləyir.

Bəs beynəlxalq terrorçu Monte Melkonyanın davamçısının Ermənistanda hakimiyyətə gəlməsi ilə nələr baş verəcək? Qarabağ məsələsi necə olacaq, Ermənistan qonşu ölkələrlə münasibətlərini necə quracaq?

Müharibə və qana susayan ölkə lideri ilə məhsuldar danışıqlar aparmaq mümkün olacaqmı?

Bunu başa düşmək üçün Paşinyanın Azərbaycan, xalqımız və Qarabağ məsələsi haqqında fikirlərini diqqətinizə çatdırırıq:

- Qarabağ məsələsində danışıqlar ancaq Azərbaycan tərəfinin beynəlxalq hüquq normalarına əməl etməsindən sonra mümkün olacaq;

- Azərbaycanı konstruktiv istiqamətə yönəltmək üçün ordunu gücləndirmək, onun döyüş qabiliyyətini, döyüş ruhunu artırmaq lazımdır;

- Azərbaycan Ermənistandan çox şey oğurlayan ölkədir;

- Bu gün Qarabağdakı vəziyyəti müharibə yolu ilə həll etmək olar, sülh yolu ilə həll isə mümkün deyil;

- Qarabağ heç vaxt Azərbaycanın olmayacaq.

Paşinyanın şəxsiyyəti və ümumiyyətlə, Ermənistan barədə danışarkən gürcü politoloq Qela Vasadze qeyd edib ki, Gürcüstanın regionun bütün ölkələri ilə mövcud formatda münasibətləri var və yaxın gələcəkdə hansısa geosiyasi irəliləyiş mümkün deyil.

“Məsələ yalnız böyük oyunçuların, xüsusən, Rusiyanın yaranmış vəziyyətdən regionun siyasi vəziyyətinin dəyişməsi üçün istifadə edə biləcəyi müstəvidə həll ola bilər.

Bu, mümkündür, ancaq Rusiyanın maraqlarının ABŞ, Avropa Birliyi, Türkiyə və İran kimi ölkələrin regiondakı maraqları ilə balanslaşdırıldığı üçün real deyil.

Nikol Paşinyan üzdəki şəxsdir, vacib olan isə onun arxasında olanların kimliyini bilməkdir”, - ekspert Oxu.Az-a açıqlamasında deyib.

“Baku Network” beynəlxalq ekspert şurasının direktor müavini, analitik Gülnarə Məmmədzadə hesab edir ki, Paşinyan baş nazir postunu tutacaq. Bu, daxili siyasi reallıqlarla yanaşı, Ermənistanın xarici siyasətinin oriyentasiyasının dəyişməsinin başlanğıcı olacaq.

“Moskva Ukraynadakı kimi, Ermənistanda da baş verən hadisələrə vaxtında reaksiya verə bilmədi. Vaxtilə Ukraynada, indi isə Ermənistanda Qərb tərəfindən anti-Rusiya əhval-ruhiyyəsi yetişdirilirdi”, - ekspert deyib.

Məmmədzadə bildirib ki, Rusiya uzun müddət erməni xalqı tərəfindən nifrətlə qarşılanan Serj Sarkisyanı dəstəklədi. Ancaq buna baxmayaraq, erməni xalqı Qərbə doğru irəliləmək üçün marşrutlar yaratmağı bacardı.

Azərbaycana gəlincə isə, Məmmədzadə qeyd edib ki, burada erməni millətçiliyinin tipik nümayəndəsi olan Paşinyanın “sülhməramlı” təşəbbüsləri ilə bağlı illüziyalar olmamalıdır.

“Azərbaycanda erməni millətçiliyinin nə olduğunu hamı yaxşı bilir. Tezliklə Rusiyada da biləcəklər.

Bu, o deməkdir ki, Paşinyan dövründə Qarabağ münaqişəsinin həllində müsbət nəsə gözləmək lazım deyil”, - ekspert bildirib.

Moderator.az
Diaspora