Sərkisyanın mirası: 5,4 milyard borc, kasıblıq, didərginlik – Analiz

Sərkisyanın mirası: 5,4 milyard borc, kasıblıq, didərginlik – Analiz backend

Ermənistan dövlətinə başçılıq edən Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatır.

Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Ekspertlərin fikrincə, Serj Sərkisyan aprelin 9-dan sonra baş nazir kürsüsünə əyləşəcək.

2008-ci ildən prezidentlik postuna əyləşən Sərkisyan ilk günlərdən uğursuzluqla qarşılaşıb. Seçkilərin nəticələri açıqlandıqdan dərhal sonra ölkədə kütləvi iğtişaşlar başladı. İğtişaşlar zamanı 10 nəfər həlak oldu, çox sayda insan yaralandı və həbs edildi. Hadisələrdə günahkar olan şəxslər hələ də tapılmayıb. Seçkilərdə qalibiyyətdən sonra çıxış edən Sərkisyan ölkəni inkişaf etdirəcəyini və insanların rifahını yaxşılaşdıracağını vəd etdi. Ancaq bu vədlər yerinə yetirilmədi.

Bəzi erməni ekspertlərinin fikrincə, Sərkisyan baş nazir olsa, ölkədən kütləvi miqrasiya, insan haqlarının pozulması, KİV üzərində nəzarət və siyasi həbslər güclənəcək.

2016-cı ilin aprelində Azərbaycanla Ermənistan arasında baş verən 4 günlük müharibə Sərkisyan hökumətinin ən uğursuz dövrü oldu. Bu zaman Ermənistan tərəfi yüzlərlə itki verdi. Aprel döyüşləri bir daha göstərdi ki, Silahlı Qüvvələrimiz Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyə qadirdir. Azərbaycan tərəfi işğal olunmuş 2 min hektar ərazini düşməndən azad etdi.

Bundan başqa, qardaş Türkiyənin Azərbaycana göstərdiyi dəstək də erməniləri qıcıqlandırdı. Qarabağ məsələsi ilə bağlı Türkiyə mövqeyini dəyişməyəcəyini açıqladıqdan sonra Serj Sərkisyan Ankara ilə münasibətləri normallaşdırmağı nəzərdə tutan protokolları ləğv etdi.

Sərkisyanın 10 illik prezidentlik dövründə ölkənin xarici borcu 3 dəfədən çox artıb. 2008-ci ildə Ermənsitanın xarici borcu 1,5 milyard idisə, 2018-ci ildə bu rəqəm 5,4 milyardı ötüb. Bununla yanaşı, 2008-ci ildə kasıblıq dərəcəsi 27 faiz olub. 10 il sonra bu rəqəm 30 faizə çatıb. 2008-2018-ci illər ərzində 380 mindən çox insan Ermənistanı birdəfəlik tərk edib.

Bütün bunlar onu göstərir ki, Sərkisyanın seçkilərdən sonrakı ilk çıxışı zamanı verdiyi vədlərin hamısı yalan olub.
Diaspora