Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Azərbaycan Mətbuat Şurası adından Türkiyə Jurnalistlər Konfederasiyasının İdarə Heyətinin 29 Mart - 01 aprel tarixində Antalyanın, Kemer şəhərində keçirilən 14-cü toplantısına qatılıb.
Konfederasiya 92 qəzeti, 7 federasiyanı və 20 mindən yuxarı insanı özündə birləşdirir.Toplantında çıxış edən Umud Mirzəyev Azərbaycanda medianın inkişafı, jurnalistikanın inkişaf perspektivlərindən, Azərbaycan Mətbuat Şurasının fəaliyyətindən söz açıb. O, Türkiyə və Azərbaycanlı media mənsublarının birgə fəaliyyətinin önəminə toxunub, eyni zamanda rəhbəri olduğu BAMF-ın beynəlxalq təşkilatlarda çoxillik fəaliyyəti sayəsində əldə olunan nailiyyətlərdən, təcrübədən danışıb. Umud Mirzəyev beynəlxalq qurumlarda təmsilçiliyin artırılması, ölkələrimizin haqlı mövqeyinin qorunması, səsimizin dünyaya çatdırılması üçün tərəfdaşlıq imkanlarının gücləndirilməsinin vacibliyini qeyd edib.
İdarə Heyətinin 31 mart tarixindəki iclası “31 Mart Azərbaycanlıların soyqırımı günü”nün yad edilməsi ilə başlanıb. Soyqırımla bağlı videofilm tədbir iştirakçılarına nümayiş olunub. Umud Mirzəyev əsrin əvvəllərində xalqımızın üzləşdiyi soyqırımdan, 1918-20-ci illərdə ermənilərin Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qubada, Bakıda, Qarsda və digər bölgələrdə törətdikləri qırğınlardan danışıb. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu il Azərbaycan Xalq Cumhuriyyətinin 100 illlik yubileyinin keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin əhəmiyyətinə toxunub.
Konfederasiyanın rəhbəri, Antalya Qazeteciler Cəmiyyəti başkanı, Ağdəniz Jurnalistləri Federasiyası başkanı, Türkiyə Jurnalistləri Konfederasiyası başqanının müavini Mevlut Yeni öz çıxışında qardaş Azərbaycanın media və vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin gücləndirilməsi, beynəlxalq sferada birgə tədbirlərin təşkili, müxtəlif beynəlxalq qurumlarda birgə təmsilçiliyin əhəmiyyətini qeyd edib. O, 31 mart Azərbaycanlıların soyqırımı gününü unutmadıqlarını bildirib. “Bu gün erməni zalımlərinin azərbaycanlı qardaşlarımıza qarşı törətdikləri soyqırımın ildönümüdür. Həm jurnalist olaraq, həm də türk vətəndaşları olaraq soyqırımları, zülmləri qınadığımızı bildiririk. Türk qardaşları olaraq hər zaman, hər bir şəraitdə azərbaycanlı qardaşlarımızla həmrəyik, onların yanındayıq”. Daha sonra Mevlut Yeni Azərbaycan Mətbuat Şurası və BAMF arasında əməkdaşlığın gücləndirilməsi, haqq səsimizin dünyaya çatdırılması istiqamətində birgə addımların əhəmiyyətinə toxunub.
EurasiaDiary-Az