Müxtəlif ölkələrdə yaşayan ermənilər Ermənistanın ictimai-siyasi həyatında faşizmin təbliğ olunmasından ciddi narahatdırlar.
Axar.az xəbər verir ki, İrəvanın mərkəzində Qaregin Njdenin abidəsinin ucaldılması erməni ictimaiyyətinin narahatlığına gətirib çıxarıb. Erməni saytı yazır ki, bu hal Rusiya mətbuatında da dəfələrlə kəskin şəkildə pislənilib. Ölkə xaricindəki ermənilər Qaregin Njdenin və Hayk Asatryanın qəhrəman kimi təqdim olunmasına qarşı çıxsalar da, Ermənistanda yaşayan ermənilər buna etiraz etməyə qorxurlar. Ermənistanın siyasi elitası bu yolla ölkəni faşist ideologiyasına malik dövlət kimi təqdim edir.Məqalədə qeyd edilir ki, terror fəaliyyəti ilə məşğul olan Daşnaksütyun təşkilatı 1930-cu ildə Qaregin Njde və Hayk Asatryanın faşist fəaliyyəti ilə əvəz olunub. Hər iki erməni lider irqi və dini ayrı-seçkiliklə məşğul olan Tsegakron təşkilatını yaradıblar. Njde Tsegakron təşkilatının irqçi fəaliyyəti ilə bağlı 1932-ci ildə Bolqarıstanın “Hrovk” jurnalında çıxış edib. İkinci Dünya müharibəsinin əvvəlində erməni millətçi təşkilatlarının üzvləri hərbiləşdirilmiş kəşfiyyat və təxribat qrupları yaradaraq silahlı fəaliyyətə başlayıblar. Njdenin başçılıq etdiyi dəstələr bir çox terror aktları törədiblər. Terror əməli səbəbindən 1944-cü ildə Njde Bolqarıstanda həbs olunub. Keçmiş SSRİ-də məhkum həyatı yaşayan erməni terrorçu 1955-ci ildə Vladimir həbsxanasında ölüb. Bu gün isə faşizmin abidəsi Yerevanın mərkəzində ucaldılıb.
Yazıda, həmçinin qeyd edilir ki, Tsegakron təşkilatının ideologiyası Ermənistanın hakim Respublika partiyası tərəfindən qəbul olunub. Njde ilə bağlı nəşr olunan siyasi əsərlər Ermənistanda yaşayan gənclər arasında paylanılıb. Njdenin günahları sabiq prezident Levon Ter-Petrosyanın hakimiyyəti illərində gizlədilirdi, lakin o, Robert Köçəryan və Serj Sarkisyan tərəfindən qəhrəman kimi ictimailəşdirildi.
Məqalədə o da bildirilir ki, Ermənistan artıq monoetnik ölkəyə çevrilib. Bütün postsovet ölkələrində rusdilli təhsil ocaqlarının olmasına baxmayaraq, Ermənistanda bunun tam əksinə proseslər müşahidə edilir.