Pavel Manukyan: Ölkəni cinayətkarlar idarə edir

Pavel Manukyan: Ölkəni cinayətkarlar idarə edir backend

Ermənistanda 2008-ci il martın 1-də baş vermiş qanlı hadisələrin 10-cu ildönümü qeyd olunur.

“Sasna Srer” silahlı qruplaşmasının üzvlərindən olan Pavel Manukyan həmin gün yaşananlarda Serj Sarkisyan və komandasının birbaşa əli olduğunu açıqlayıb. O, hazırkı cinayətkar rejimin məhkəmə qarşısına çıxarılmasını tələb edib.

“Sasna Srer” silahlı qruplaşmasının məhkəmə prosesi zamanı qrupun fəallarından biri olan Pavel Manukyan Ermənistan hakimiyyətində olanların əllərinin insanların qanına bulaşdığını söyləyib. “İmkan verməyin ki, bundan sonra da sizi məhv etsinlər. Əmin olun, bütün bəlalarımızın kökündə Serj Sarkisyan və onun cinayətkar dəstəsi dayanır”, - deyə o əlavə edib. On il əvvəl baş verənlərdə Serj Sarkisyan və komandasının birbaşa əli olduğunu, bunu faktlarla sübut edə biləcəyini deyən P.Manukyan qeyd edib ki, Ermənistanının əsl bəlası 2008-ci ildən sonra başlayıb. Həmin ilin martında hakimiyyəti zorla ələ keçirən cinayətkar S.Sarkisyan hökuməti bu müddətdə ölkəni tamamilə iflasa uğradıb və təcrid vəziyyətinə salıb. Ona görə də P.Manukyan fəalların deyil, hazırki cinayətkar rejimin məhkəmə qarşısına çıxarılmasını tələb edib. O bildirib ki, Ermənistanda mart hadisələri günahkarlarının cəzasız qalması ölkəni cinayətkar dəstənin idarə etməsinin sübutudur. Bu açıqlamalarından sonra “Sasna Srer”in üzvü məhkəmə zalından beş saatlıq kənarlaşdırılıb.

Ermənistan mətbuatı da 1 mart hadisələrinə geniş yer ayırıb. Hazırlanan videomateriallarda bildirilir ki, 2008-ci ilin martında baş verənlərə görə əsas məsuliyyət Serj Sarkisyanın üzərinə düşür. Çünki həmin vaxt məhz o, güc strukturlarının İrəvana yeridilməsində birbaşa səlahiyyətə sahib olub. Dövlət terrorunu rəhbər şəxslər əllərində olan bütün resurslardan istifadə edərək törədiblər. Bu müddətdə isə heç nə dəyişməyib. On il əvvəl vətəndaşlar hakimiyyətin necə əleyhinə idilərsə, bu, indi də elədir. Hökumət vəzifəsini zor gücünə ələ keçirən cinayətkar dəstə Ermənistanı ancaq fəlakətə sürükləyib.

Xatırladaq ki, 2008-ci il martın 1-də İrəvanda baş verən qanlı iğtişaşlarda 10 nəfər dinc sakin öldürülüb, 200-ü müxtəlif dərəcəli xəsarət alıb, daha 100 nəfər isə həbs edilib. 1 mart hadisələrinin öyrənilməsi və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb.

Teleqraf.com
Diaspora