Gürcüstanda azərbaycanlıların Avropaya kütləvi axını başlayıb

Gürcüstanda azərbaycanlıların Avropaya kütləvi axını başlayıb backend

2017-ci ildə Avropa Parlamenti Gürcüstanla viza rejimini ləğv edib. Bir ilə yaxındır ki, Gürcüstan vətəndaşları rahat şəkildə Avropa ölkələrinə vizasız gedib-gələ bilirlər.

Maraqlıdır ki, bir il ərzində Gürcüstan vətəndaşı olan həmyerlilərimiz arasında Avropa ölkələrinə iş üçün gedənlərin sayında artım olubmu?

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında Gürcüstandan Avropa ölkələrinə işləmək üçün gedənlərin sayının çox olduğunu söyləyib.

“Gürcüstanda viza rejimi ləğv olunandan sonra çoxlu sayda azərbaycanlı Avropa ölkələrinə gedib gəlir. Hətta, elələri var ki, Avropada özünə iş də tapa bilib. Avropaya üz tutanlar arasında gənclər üstünlük təşkil edir. Hansı ki, onlar Gürcüstanda iş tapmaqda çətinlik çəkirlər. Çünki Gürcüstanda bir çox müəssisələr bağlanıb, iş yoxdur. Vəziyyət çox çətindir. Yalnız turizm sahəsində iş tapmaq mümkündür. Halbuki, turizm sahəsi ilə iş bitmir. 2013-cü ildən bəri ölkə müflisləşib. Saakaşvilidən sonra Gürcüstan başsız qalıb. Ona görə də vətəndaşlar xarici ölkələrə üz tutmaq məcburiyyətində qalırlar. Belə getsə, Gürcüstanda əhalinin sayı kəskin şəkildə azalacaq və 2 milyon yarıma enəcək”.

Deputat siyasi sığınacaq almaq üçün Avropa ölkələrinə edilən müraciətlərdən də söz açıb.

“Hazırda 7 minə yaxın Gürcüstan vətəndaşı siyasi sığınacaq almaq üçün Avropa ölkələrinə müraciət edib. Onların arasında azərbaycanlılar da var. Sadəcə, Avropa ölkələri bunu reallaşdırmaqda maraqlı deyil. Çünki Avropa qapılarını gürcülərin üzünə açmayıb ki, hamısı siyasi sığınacaq ala bilsin”.

Diaspora