Ermənistanda bir qrup insan haqları müdafiəçiləri orduda baş alıb gedən özbaşınalıqlar və qeyri-döyüş itkilərini müzakirə etmək üçün toplaşıblar.
Virtualaz.org xəbər verir ki, toplantıda Helsinki vətəndaş assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts Ermənistan silahlı qüvvələrindəki vəziyyətin “stabil və daimi pis olaraq qaldığını” bildirib.Hüquq müdafiəçisi deyib ki, orduda nizamnamə münasibətlərinin pozulması hallarından şikayət mexanizmi yoxdur. Bu səbəbdən onlar hərbi ombudsman institutunun yaradılmasını təklif ediblər. Ancaq Müdafiə Nazirliyi təklifi rədd edib. “Orduda “smotryaşiy institutu” var ki, bunu “yaxşi” adlandırırlar”-Sakunts deyib.
Hüquq müdafiəçisi Janna Aleksanyan isə deyib ki, Ermənistan ordusunda cəzasızlıq mühiti hökm sürür. O, bir neçə gün əvvəl orduya yeni getmiş çağırışçı əsgərin özünü hərbi hissənin pəncərəsindən atması insidentini xatırladıb. Deyib ki, bu məlumat sosial şəbəkələrdə yayılanda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan əsgərin xidmət etmək istəmədiyinə görə özünü atdığını bildirdi.
“Biz dərhal həmin əsgərin ailəsinə baş çəkdik, amma məlum oldu ki, bu deyilənlər yalandır. Həmin gənc orduya böyük həvəslə gedib. Orada onun başına nə oyun açıblar, məlum deyil. Bu onu göstərir ki, Müdafiə Nazirliyi belə insidentlərin üstünün açılmasında maraqlı deyil. Qoy ictimai müzakirələr başlatsınlar, aydınlaşdırsınlar ki, çağırıçını bu vəziyyətə gətirib çıxaran səbəblər nədir. Bu insident bir daha göstərir ki, orduda cəzasızlıq atmosferi hökm sürür”-Aleksanyan bildirib.