Ermənistan parlamentinin müxalif Yelk Blokunun rəhbəri Nikol Paşinyan Sərkisyan hakimiyyətini devirməyə hazır olduğunu bəyan edib.
Axar.az Azvision.az-a istinadən xəbər verir ki, erməni siyasətçi bu barədə Feysbuk vasitəsilə xalqa ünvanladığı müraciətdə deyib.Sosial şəbəkədə canlı yayım zamanı izləyicilər Paşinyana hakimiyyət dəyişikliyi ilə bağlı suallar veriblər.
İstifadəçilərdən biri müxalif deputata yazıb:
"Hazırda hakimiyyət dəyişikliyinə ehtiyac var, küçələrə bahalaşmaya qarşı tələblərlə yox, hakimiyyət dəyişikliyi tələbi ilə çıxmaq lazımdır".
Paşinyan həmin şəxsin qeydinə fikir bildirib:
“Bəs, bahalaşma kimin fəaliyyətinin nəticəsidir. Hakimiyyət dəyişikliyi üçün neçə vətəndaş küçəyə çıxmağa hazırdır? Sizə elə gəlir ki, hakimiyyət dəyişikliyi etmək üçün bəyanat vermək lazımdır? Siyasi fəaliyyətim ərzində 20 dəfə bəyan etmişəm və bunun uğrunda fəaliyyət göstərmişəm. Bir həftə ərzində edə biləcəyimizə əmin olmayınca, hakimiyyət dəyişikliyinə dair bəyanat verməyəcəyimə qərar vermişəm. Hakimiyyət dəyişikliyinin ilk addımı küçədə duran vətəndaşdır. İndi siz vətəndaşı küçəyə çıxmaqdan çəkindirmək istəyirsiz? İstəyirsiniz, deyəsiniz ki, hakimiyyət istəyirik?”.
Paşinyan, həmçinin 2 dəfə hakimiyyət dəyişikliyinə dair bəyanat verdiyini, lakin ictimaiyyətin onu dəstəkləmədiyini vurğulayıb:
“Mən yazda 2 dəfə hakimiyyət dəyişikliyinə dair bəyanat vermişəm. İlk dəfə 122 min nəfər, 2-ci dəfə isə 70 min nəfər dəstək verib. Bir dəfə də 2016-cı ilin iyul ayında hakimiyyət dəyişikliyinə dair bəyanat qəbul etmişəm, lakin hakimiyyət dəyişikliyinin ən qatı tərəfdarları bunu alov üzərində əl qızdırmaq hesab edərək, bundan imtina ediblər. İndi də deyirəm, küçələrdə bir neçə yüz min vətəndaş olarsa, hakimiyyət dəyişikliyi etməyə öhdəlik götürürəm”.
Qeyd edək ki, 2018-ci ilin ilk günlərindən etibarən Ermənistanda qiymətlər artmağa başlayıb. Sosial vəziyyətin sürətlə aşağı düşməsi İrəvanda etiraz aksiyalarının başlamasına səbəb olub.
Xatırladaq ki, artıq Çıxış Bloku Şarl Aznavur meydanında nümayişlərə başlayıb.