ASALA-nın Gürcüstanda yenidən dirilməsinin səbəbləri haqda maraqlı məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, “kavkazplus” saytı erməni terror təşkilatının Cavaxetiyada yenidən ortaya çıxdığını və bunun Ermənistanın dövlət siyasətindən qaynaqlandığını yazıb.“Cənubi Qafqaz regionunda terror təhlükəsi yüksəkdir. Xüsusilə vaxtilə gizlənən və bu gün ortaya çıxan terror təhlükəsi diqqət çəkir. Bunların içində ən təhlükəli olanı Ermənistanın ASALA terror təşkilatıdır. Bu təşkilat erməni lobbisi öz hədəflərinə “sülh”lə nail ola bilməyəndə ortaya çıxır və qanlı metodlarını işə salır. Budur, işğal edilmiş Abxaziyadan Sxinvalski vasitəsilə Ermənistana yüklərin tranziti baş tutmadığı bir dövrdə ASALA-nın Cavaxetiyada başqa ad altında peyda olduğu haqda informasiya yayıldı. Yeni il ərəfəsində Sarkisyan Gürcüstana səfər etdi və tranzit məsələsini müzakirə etdi. İrəvanın istəyinə nail olduğu çətin görünür. Bunun fonunda ASALA-nın Gürcüstanda terror zirzəmisi yaratdığı xəbərləri ortaya çıxdı. Bütün bunlar təsadüfi deyil, görünür, ermənilər hədəflərinə çatmaq üçün Gürcüstanı terrorla yıxmaq istəyirlər”, - deyə sayt yazıb.
Qeyd edək ki, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey 1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA-nın Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulduğunu açıqlayıb.
Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların həyatı təhlükədədir.
“Bu gün Gürcüstanın Borçalı bölgəsində 600 mindən çox azərbaycanlı yaşayır. Xüsusilə Cavaxetiya bölgəsinə yaxın kənd və qəsəbələrdə yaşayan azərbaycanlılar təhlükə altındadır. Tarixdə ermənilərin türklərə qarşı soyqırımılarını nəzərə alaraq deyə bilərik ki, silahlı erməni terror təşkilatı Borçalıda ikinci Xocalı soyqırımını həyata keçirə bilər. Bunun baş verməməsi üçün Gürcüstan, Azərbaycan və Türkiyə rəsmiləri təcili şəkildə məsələyə müdaxilə etməlidir”, - deyə Göksel vurğulayıb.