Sarkisyanın yeni il təbriki: Ümidsiz xalqa son “ümid” həbi...

Sarkisyanın yeni il təbriki: Ümidsiz xalqa son “ümid” həbi... backend

2017-ci ildə işğalçı Ermənistan 2016-dan fərqli olaraq,

Azərbaycanın hərbi zərbəsindən yayına bildi. Bunu təcavüzkar özü üçün ən böyük “uğur” saya bilər. Doğrudur, aprel presedenti kimi hadisə baş vermədi, ancaq ötən il düşmən tərəf təmas xəttində iki-iki, üç-üç olmaqla üst-üstə xeyli canlı itki verdi. Azərbaycan ordusunun, PUA-ların dəqiq zərbələri ilə işğalçı qüvvələrinin bir neçə komanda mərkəzi dağıdıldı.

Azərbaycanın itkiləri də, əfsus ki, oldu. Lakin hərbi ekspertlərin etiraf elədiyi kimi, bu, bir yandan, kəmiyyət baxımından fərqləndisə, yəni fərq Ermənistanın ziyanına oldusa, başqa yandan, ordumuzun keyfiyyət üstünlüyünü ortaya qoydu. Ayrı sözlə, düşmən ən əvvəl Azərbaycanın hərbi üstünlüyü nəticəsində daha çox itkiyə uğramalı oldu – istər canlı qüvvə sarıdan olsun, istərsə də texnika sarıdan.

İrəvanda əsgər ölümləri ilə bağlı ötən il daha çox sayda etiraz aksiyaların keçirilməsi də bu neqativ statistika ilə birbaşa bağlı idi. Şübhəsiz ki, iki ölkənin hərbi göstəriciləri arasında fərq böyüdükcə, erməni tərəfinin 2018-ci ildə Azərbaycana ödəyəcəyi bədəl də adekvat şəkildə böyüyəcək, ağırlaşacaq.

Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sərkisyan 2017-ci ildə etdiyi çıxışlarının birində Azərbaycanla silahlanma yarışına girişməyə ölkəsinin maliyyə-iqtisadi imkanlarının olmadığını etiraf eləmişdi. Bu, əslində həm də onun anonsu idi ki, müharibə bitməyib və erməni ailələri daha böyük əsgər itkilərinə hazır olsunlar. Orduda hərbi nizamnamədən kənar olaylar nəticəsində keçən il qeydə alınan çox sayda əsgər ölümləri də öz yerində.

Bu kimi mesajların hamısını erməni toplumu aldı və düzgün anladı: ölkədən kütləvi köç, xüsusən də əli silah tutan gənclərin emiqrasiyası gücləndi. Nəticədə işğalçı orduya çağırışçı problemi bütün kəskinliyi ilə ortaya çıxdı. Ermənistan parlamenti tələbələrin hərbi xidmətdən möhlət hüququnu ləğv edən qanun qəbul eləməli oldu ki, bu da öz növbəsində İrəvanda yeni tələbə hərəkatına stimul verdi, hakim rejimdən daxili ictimai narazılığı dərinləşdirdi; Sərkisyan rejimi bu qərarla öz ictimai dayaqlarını bir az da zəiflətmiş oldu.

Azərbaycanda isə tam əksinə, tələbələrin hərbi xidmətdən möhlət hüququ qüvvədə qalır və ötən il hətta bu hüququn daha da genişlənməsi yönündə gənclərin xeyrinə yeni qərarlar qəbul edildi.

*****

Ermənistan üzərində Azərbaycanın bir mühüm üstünlüyü də məhz insan resursları ilə, çağırışçı planı ilə bağlıdır. Azərbaycanın havada, PUA-larla bağlı şəriksiz üstünlüyü, erməni işğalçı ordusu ilə müqayisədə qat-qat modern və müasir silahlarla, döyüş sistemləri ilə təchiz edilməsi, sayı artmaqda olan hərbi zavodlar, silahlı qüvvələrimizin canlı qüvvə sarıdan da Ermənistandan üstünlüyü düşmən yuxusunu qaçıran başqa faktorlardır.

Bütün bunlar o deməkdir ki, əgər İrəvan inadkarlıq edib ədalətli sülhdən yayınmaqda davam edərsə və çaşıb böyük müharibəyə rəvac verərsə, o zaman müharibənin labüd nəticəsini də göz önünə gətirməlidir. Ermənistan növbəti müharibədən sadəcə, çıxmaya bilər.

Sadalanan reallıqlar fonunda Serj Sərkisayanın 2018-ci il üçün xalqa etdiyi yeni il təbrikini ermənilərə son ümid “həbi” vermək cəhdi adlandırmaq olar. Təsadüfi deyil ki, təbrikdə Sərkisyan Ermənistanın sürətlə boşalmasına işarə vuraraq və sırf blef edərək deyir: “Biz sizinlə bir yerdə ölkədən gedən yaxınlarımızı Ermənistana qaytarmalıyıq. Onlar qayıdacaqlar, çünki vətəndə, Ermənistanda işləmək, özlərini göstərmək baxımından burada böyük imkanların olduğunu görürlər”.

Bu qəbildən yalanlara yəqin ki, Ermənistan prezidentinin heç özü də artıq inanmır. Erməni xalqı belə yalanlardan bezib. Çünki müstəqil ekspertlərin, iqtisadçı və demoqrafların təsdiqlədiyi acı statistika var. Fakt budur ki, keçən il ölkəni daha çox sayda erməni tərk edib, ölkədə yoxsulların sayı artıb.

Amma Sərkisyanın özünə 2018-lə bağlı “təbrik” düşür. Çünki o, bir daha erməni xalqını yeni il münasibətilə təbrik eləmək kimi əzaba qatlaşmalı olmayacaq – apreldə öz postundan getməli olacaq və ehtimal ki, baş nazirliyə “sıçrayış” edəcək. Onun siyasətdən getməsi də ən çox öz xalqının xeyrinə olardı. Bəlkə onda ermənilər “Qarabağ yükü”ndən, izolyasiyada yaşamaq əzabından nəhayət, qurtulmaq şansı əldə edə biləydilər...

(musavat.com)
Diaspora