İranın Məşhəd şəhərində hökumətə qarşı başlanan kütləvi etirazlar genişlənərək digər şəhərlərə də yayılıb.
Axar.az xəbər verir ki, Kirmanşah, Rəşt, Tehran, Quçan, İsfahan, Qum, Əhvaz, Bocnurd, Əhvaz, Sari, Həmədan və Qəzvin şəhərlərində keçirilən aksiyalarda iştirak edən şəxslər ölkənin Ali lideri Əli Xameneiyə, Prezident Həsən Ruhaniyə və Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə etiraz ediblər.Etirazçılar “Seyid Əli! Utan, xəcalət çək, ölkədən və hakimiyyətdən əl çək”, “Diktatora ölüm”, “Millət acından dilənir, Ağa (Xamenei) isə allahlıq edir”, “Siyasi məhbuslara azadlıq”, “Ruhaniyə ölüm”, “Fələstin və Qəzza zolağını burax, bizə gün ağla”, “Suriyanı burax, bizim halımıza yan”, “Laricani iraqlıdır, öz ölkəsinə qayıtmalıdır” şüarları səsləndirərək, ölkənin iqtisadi durumunun vəziyyətindən şikayət ediblər.
Qeyd edək ki, ölkədə hökm sürən korrupsiya iddialarına eks-prezident Mahmud Əhmədinejad da daxil olub və hökuməti sənədləri yaymaqla təhdid edib. Bunun ardınca korrupsiya və işsizliyə etiraz olaraq bir neçə şəhərdə aksiyalar keçirilib. Aksiya zamanı polis və təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma yaranıb və polis aksiyaçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Toqquşma nəticəsində onlarla aksiyaçı döyülərək həbs edilib, yaralılar isə xəstəxanaya çatdırılıb.
Həmçinin, Təbrizdə əhalinin etirazlara qatılmasının qarşısını almaq üçün şəhərin əsas küçə və meydanları polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb.