Rusiyanın Yekatrinburq şəhərinin Lenin rayon məhkəməsi tanınmış vəkil, narkotik alverçilərini həbsdən buraxdırmaq üçün müstəntiqlərə rüşvət verilməsini təşkil etməkdə ittiham olunaraq tutulan Boris İsgəndəryanın məsələsinə baxıb.
Virtualaz.org xəbər verir ki, vəkil oktyabrın 29-da həbs olunub, onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq isə bu ilin yazından aparılır. İsgəndəryan əsasən narkotik alverçilərinin müdafiəsi üzrə ixtisaslaşıb və onun Ural hüquq-mühafizə orqanları ilə korrupsiya əlaqəsinə girərək müdafiə etdiyi şəxslərin azadlığa buraxılmasını, yaxud yüngül cəzalarla yaxasını qurtarmasını təşkil edirmiş.Bu günkü məhkəmədə ittiham tərəfi İsgəndəryanın barəsində həbs qətimkan tədbirinin daha 3 ay uzadılması üçün vəsadət qaldırıb. Müstəntiq Kulakov vəsadəti əsaslandıraraq bildirib ki, iş üzrə əlavə məhkəmə ekspertzaları keçirilməlidir. Bu səbəbdən İsgəndəryanı girov əvəzində azadlığa buraxmaq və ya ev dustaqlığı şərti ilə azad etmək mümkün deyil. Çünki o, azadlıqda iş üzrə şahidlərə təzyiq göstərə, yaxud Rusiyadan qaçıb istintaqdan yayına bilər.
“İsgəndəryanın Azərbaycanda daşınmaz əmlakı var, tamamilə mümkündür ki, ora qaçıb gizlənə bilər”-Kulakov bildirib.
İsgəndəryan isə bildirib ki, Azərbaycanı hələ 80-ci illərdə tərk edib və erməni olduğuna görə ora qayıda bilməz. Üstəlik Azərbaycanda evi də yoxdur.