Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyasının fəalları keçmiş baş nazir Bidzina İvanişvilinin iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər.
Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları “Gürcü arzusu” koalisiyasının banisi, milyarder Bidzina İvanişvilidən dövlət işlərinə qarışmamağı və Gürcüstanı tərk etməyi tələb ediblər.“Bu gün hökumətdə nepotizm (peşəkarlığından asılı olmayaraq dövlət vəzifələrinə qohumlar və yaxın adamlarının yerləşdirilməsi – red.) çiçəklənir. Əgər sən İvanişvilinin qohumu və yaxud yaxın adamı deyilsənsə, o halda heç bir vəzifə almayacaqsan. O, öz yaxınlarına dövlət mülkiyyətini tamamilə pulsuz paylayır. Buna görə də o, Gürcüstanı tərk etməlidir”, - aksiyanın təşkilatçılarından olan Qoqa Oniani bildirib.
Aksiyanın digər bir iştirakçısı David Napetvaridze qeyd edib ki, Bidzina İvanişvili tərəfindən idarə olunan hökumət Gürcüstanı dərin iqtisadi böhrana sürükləyir:
“Hökumət istefa verməlidir. Yalnız növbədənkənar parlament seçkiləri və yeni peşəkar hökumətin hakimiyyətə gəlişi Gürcüstanı xilas edəcək”.