Ağdam rayonunda qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr üçün fərdi yaşayış evlərinin inşası başa çatdırılıb.
Tikinti işləri Prezident İlham Əliyevin Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2016-cı il 7 dekabr tarixli Sərəncamına əsasən aparılıb.
Ağdam Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Quzanlı qəsəbəsində, Əfətli, Qaradağlı, Sarıcalı, Mirəşelli və Xındırıstan kəndlərində tikilən 20 evin 2-si iki, 17-si üç, 1-i isə dördotaqlıdır. Artıq 12 məcburi köçkün ailəsi yeni mənzilə köçüb. Digər 8 ailə isə yaxın günlərdə yeni mənzillərə köçürüləcəklər.
Məcburi köçkünlər yeni mənzillərin inşa edilməsini Prezident İlham Əliyevin onlara olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər. Ağdam rayonunun Xıdırlı kənd sakini Nəbi İsgəndərov AZƏRTAC-a müsahibəsində deyib: “Kəndimiz işğal olunandan sonra Bərdə, Ağcabədi və Ağdam rayonlarında məskunlaşmışıq. Son 10 ildir ki, Ağdam rayonunun Paşabəyli kəndində kolxoz binasında yaşayırdıq. Şəraitimiz yaxşı deyildi. İndi isə bizim üçün inşa edilən üçotaqlı mənzilə köçmüşük. Bizə yaradılan bu şəraitə görə, mənzillə təmin olunan köçkünlər adından Prezidentimizə minnətdarlığımı bildirirəm”.