“Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər və "Ordum.az" saytının yaradılması” layihəsi çərçivəsində, sentyabrın 16-da Tovuz rayonunun Ağdam kəndində “Hərə bir əsgər, hər ev bir səngər” adlı tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən görüş-tədbirin məqsədi düşmənlə təmas xəttində, sərhəd kəndlərimizdə yaşayan vətəndaşlarımıza mənəvi dəstək olmaq, onları vətənin keşiyini çəkən əsgərlərimizə arxa durmağa, tarixi torpaqlarımız olan ata- baba yurdlarına daha möhkəm bağlanmağa sövq etmək, yerli əhalini- əsasən də yeniyetmə-gəncləri düşmənlərimizin millətimizə, dövlətimizə qarşı törətdiyi cinayətlər barədə maarifləndirmək, gəncləri ölkəmizin mənafeyini, xalqımızın milli-mənəvi dəyərlərini, öz yurdlarını qorumağa, işğalçılara qarşı mübarizəyə səfərbər etməkdir.“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Tovuz rayonunun Ağdam kəndindəki şəhidlər xiyabanını ziyarət ediblər.
Qarabağ müharibəsi başlayandan ərazi bütövlüyümüz uğrunda Ağdam kəndi 15 şəhid verib ki, onlardan biri –Naiq Yusifov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Milli Qəhrəmanın adını daşıyan məktəbin qarşısında kənd sakinləri ilə keçirilən görüşdə xalq-ordu əlaqələrini möhkəmləndirmək kimi mühüm vəzifələrdən söz açılıb.Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov qonaqları salamlayaraq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Tovuz rayonu düşmənlə təmas xəttində daim mərdliklə dayanıb.
Sonra tədbirin aparıcısı, “Bütöv Azərbaycan” qəzetinin redaktor müavini Azadə Bayramova sözü layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğluna verdi. “Biz sizlərdən vətən sevgisini, yurda necə can-dildən bağlanmağı öyrənməyə gəlmişik” deyə sözə başlayan Layihə rəhbəri “Hərə bir əsgər, hər ev bir səngər” mövzusunda məruzə etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014 –cü il tarixli sərəncamını xatırladaraq döyüş bölgəsində yaşayan əhalinin ayıq-sayıqlığının artırılması zərurətindən söz açdı.
Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun atası Nəsir Yusifov qeyd etdi ki, Azərbaycan xalqının tarixində qəhrəmanlıq ənənələri davam edir. Böyük Vətən Müharibəsində təkcə Tovuz rayonundan 3 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.Mənim oğlum kimi neçə-neçə oğullar da vətənin müdafiəsinə qalxıb, torpaq, xalq uğrunda canlarını fəda ediblər. Milli Qəhrəmanın adını daşıyan məktəbin direktoru Şahnaz Eyubova yetirmələrinin qəhrəmanlığını qeyd etməklə bərabər bildirib ki, 25 ilə yaxın davam edən münaqişə dövründə bir nəfər də olsun kəndi tərk etməyib, hər kəs təsərrüfat işləri ilə məşğuldur. Eyni zamanda kənddə Alı Baba ziyərətgahı və kənd qəbiristanlığı hələ də düşmən nişangahındadır. Müharibə başlanan dövrdən bizim kəndimizdən bir nəfər də olsun kənd sakini kənara çıxmayıb. Onlar həmişə öz təsərrüfatlarını əkib-becərməklə və kəndin abadlaşması ilə məşğuldurlar.
“Xoşbəxt günlərimin acı göz yaşları” , “Başkəsənlər”, “Anama məktub”, “Novruzda açılan atəş”, “Tanrı ürəklərdədir” və.s. kitabların müəllifi-publisist Elman Rüstəmov öz ürək sözlərini söylədi: “Müharibə dəhşətdir, faciədir, ölümdür. Müharibə şəhərlərin, kəndlərin viranə qalması, xarabazarlığa çevrilməsi deməkdir. Müharibə səfalətdir. Müharibə anaların göz yaşı axıtması, körpələrin atasız böyüməsi deməkdir. Ona görə də məhşur alman alimi Stevan Şvaq demişdir: “Ən ədalətli müharibədən ədalətsiz sülh qat-qat yaxşıdır”. Sonra yazıçı öz kitablarından bir neçə nüsxə kitabxanaya, məktəbə və kənd camaatına hədiyyə etdi.
Azərbaycan ordusu üçün iki oğul böyüdən, övladları həqiqi hərbi xidməti başa vurduqdan sonra da talelərini Vətən üçün xidmətə bağlayan ziyalı Kamran Rzayev Ağdam camaatı ilə görüşdən məmnunluğunu bildirdi.
Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov qeyd etdi ki, respublikamızın hər yerində olduğu kimi, Tovuz rayonunda da hərbi vətənpərvərlik çox yüksək səviyyədədir. Bunun nəticəsidir ki, bir qarış da olsun torpağımız düşmən tərəfindən işğal olunmayıb. Məlumat üçün bildirim ki,Tovuz rayonu Ermənistanla 69 km sərhəddir. Eyni zamanda 11 yaşayış məntəqəsi Ermənistanla həmsərhəddir, burda 12 mindən çox əhali yaşıyır. Qarabağ müharibəsi zamanı 300-dən artıq şəhid vermişik, 3 milli qəhrəmanımız var. Bu gündə biz yerləşdiyimiz Ağdam kəndində şəhid Naiq Nəsir oğlu Yusifovun büstünü ziyarət elədik. Rayonumuzda hərbi vətənpərvərlik tərbiyəsi demək olar ki, günün tələbləri səviyyəsindədir. Belə ki, rayon ərazisində yerləşən N saylı hərbi hissə ilə rayon rəhbərliyinin tapşırığına uyğun olaraq mütamadi olaraq orduyla xalqın birliyi mövzusunda görüşlər keçirilir. Əlamətdar günlərdə, Ordu günündə bilavasitə orduyla xalq birlikdə olur, təntənəli bayram günlərini birlikdə qeyd edirlər. İctimaiyyət, rayon rəhbərliyi, aidiatı qurumlar daim oruya dəstək olur. Bir faktı qeyd etmək istəyirəm ki, təkcə 2007-15-ci illər ərzində Tovuz rayonundan Ali Hərbi məktəblərə və hərbi Liseylərə 563 məzunumuz daxil olub. Republikanın demək olar ki, bütün bölgələrində hərbi hissələrində Tovuzlu zabitlərə rast gəlmək olar.Təbii ki, bu çox qururverici haldır. Bir nəfər də olsun əhali öz yaşayış yerini tərk etməyib. Çünki xalq öz ordusuna güvənir, Ali Baş komandanına inanır. Ordu ilə xalq birdir və bu birlik ümidvarıq ki, yaxın vaxtlarda Qarabağda öz qələbə səsini, necə deyərlər, çatdıracaq və əhalimiz də həmin ərazilərin abadlaşdırılmasında çox fəal iştirak edəcək.
Tədbirin rəsmi hissəsindən sonra gənc aşıqlar Zirəddin Cilovdarlı və Muxtar Məmmədov Firuddin Süleymanovun balabanda müşayiətilə sazlarını “ Qəhrəmanı” və “Şahsevəni” üstündə kökləyərək meydana girdilər.
Görüş iştirakçılarına şair Hafiz Baxışın “Ana layla deyir” kitabı və təhlükəsizlik tədbirlərinə aid bukletlər paylandı. Sonra görüş iştrakçıları Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun ailəsinin qonağı olub, çay süfrəsi ətrafında söhbət etdilər.