Füzuli rayon ictimaiyyətinin nümayəndələri Qurban bayramı münasibətilə ərazidəki N saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüblər.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri N saylı hərbi hissənin komandanlığı ilə birlikdə əvvəlcə ön xəttə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıblar.
Şəxsi heyətlə keçirilən görüşdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və üçrəngli bayrağımızın doğma Qarabağımızda dalğalanmasıdır.
Hərbi hissə komandanlığı bu cür görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulayaraq Füzuli ictimaiyyətinə minnətdarlığını bildirib.