Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi, Göyçay rayonunda da böyük təntənə ilə qeyd edilib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Göyçayda bayram namazı qılındıqdan sonra qurbanlıq heyvanlar kəsilərək paylanılıb. Rayon icra hakimiyyətinin dəstəyi ilə Qurban bayramı münasibətilə şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, İkinci Dünya müharibəsi veteranlarına, məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə, ümumilikdə 500 ailəyə qurban payı verilib. Qurban bayramı ilə əlaqədar imkansızlar üçün bayram süfrəsi təşkil olunub. Eyni zamanda, yataq xəstəsi olan sakinlərə də baş çəkilib, onların bayramları təbrik edilib və qurban əti verilib.
Rayon rəhbərliyi hamını bu müqəddəs bayram münasibətilə təbrik edərək bildirib ki, xalqımız həmişə milli-mənəvi dəyərlərinə böyük ehtiramla yanaşır. Ölkəmizdə Qurban bayramı böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edilir. İnsanları bir-birinə yaxınlaşdıran bu bayram bərəkət, mərhəmət və xeyirxah əməllərin rəmzidir.
Bu xeyriyyə aksiyasına rayonun iş adamları da qoşulublar. Rayonun imkanlı şəxsləri qurbanlıq heyvanlar kəsərək adət-ənənəyə uyğun olaraq, bu müqəddəs bayramı ailələri, qohum-qonşuları, eləcə də qocalar, imkansız insanlar və əlillər ilə birgə qeyd ediblər.