Bu yaxınlarda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams və layihə meneceri Ramilə Aslanova Azərbaycanın müharibədən zərər çəkmiş ərazilərinə səfər edib.
Səfərin məqsədi qonaqları Azərbaycanın Tərtər və Bərdə rayonlarının geniş sosial-iqtisadi inkişafı ilə tanış etmək, həmçinin BAMF-ın uzun illər ərzində orada gördüyü işləri əyani olaraq göstərmək idi. Səfər zamanı BAMF Tərtər və Bərdə rayonlarının icra başçıları ilə bir neçə mühüm görüş təşkil edib. Tərəflər uzunmüddətli əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Qonaqlar həmçinin BAMF-ın Tərtər rayonunda yerləşən Peşə Təhsil Mərkəzinə baş çəkiblər və Fondun beynəlxalq təşkilatlar və BMT strukturları ilə , Azərbaycandakı müxtəlif diplomatik missiyalar və Azərbaycan höküməti ilə əməkdaşlıq əlaqələri quraraq reallaşdırdığı layihələrlə tanış olublar. Jeroen Vilyams BAMF-ın işini yüksək qiymətləndirib. Avropalı rəsmi bildirib ki, bu ərazilərdə sosial-iqtisadi inkişaf layihələrinin həyata keçirilməsi regionların inkişaf tempindəki fərqi azaltmağa və insanların hələ də hiss etdikləri münaqişənin ağır nəticələrini aradan qaldırmağa imkan verir.Jeroen Vilyams səfər barədə təəssüratlarını Eurasia Diary ilə bölüşüb.
“AB-də insanların əksəriyyəti bəlkə də Dağlıq Qarabağ münaqişəsini yaddan çıxarıb, lakin Bərdədə eləcə də Tərtərdə biz 25 il bundan öncə sahib olduqları hər şeyi məcburən tərk etmiş və bu günədək o zaman yaşananların ağır nəticələri ilə üzləşən çox sayda insan görürük. Əgər söhbət böyük siyasətdən gedirsə, bu mənim səlahiyyətlərimə daxil deyil, ancaq məsələ bu insanlara münasib iş tapmaq, öz bacarıqlarını artırmaqdan ibarətdirsə bu sahədə Avropa Birliyi dövlət, özəl sektor və vətəndaş cəmiyyəti ilə səylərini birləşdirməyi davam etdirməyə şad olar”, deyə Jeroen Vilyams bildirib.
“Mən BAMF-ın bu sahədə gördüyü işlərlə tanış oldum və biz bunu yüksək qiymətləndiririk. Ümid edirəm ki, BAMF daha geniş miqyasda fəaliyyət göstərərək Azərbaycanın sərhədlərini aşacaq. Ehtiyatlarınızın məhdud olduğunu və bir layihənin yalnız müəyyən sayda insana yönəldildiyini anlasaq da bu məqamda bir atalar sözünü dilə gətirmək istəyirəm. Bir insanı xilas edən bütün insanlığı xilas etmiş olur. QHT-lərin icmalar və həssas qrupların sosial-iqtisadi inkişafı üçün gördüyü mühüm işlər dənizdə bir damla kimidir və ola bilər ki, hər kəsin həyatını yaxşılaşdıra bilməsin. Lakin biz bəzi insanların həyatını AB-nin də köməyilə yaxşılaşdıra bilmişiksə, o zaman düşünürəm ki, insanlığı qorumuşuq. Əgər biz kənd icmalarında həssas qruplara özləri üçün istənilən formada hədəflər müəyyən etmələrinə imkan yarada bilsək ən azından şəxsi həyatlarında onlara yardımçı olmuş oluruq” deyə Avropalı qonaq əlavə edib.
BAMF-ın minalardan təmizlənmə üzrə qrupu ilə tanışlıq zamanı Jeroen Vilyams ekspertlərlə görüşərək onların cəbhə xəttinə yaxın ərazidə gördükləri işlə maraqlanıb. “Şəxsən mənim üçün minalardan təmizləmə işi çox təsirli oldu. çünki, heç vaxt münaqişənin nəticələrini görmək üçün təmas xəttinə bu qədər yaxın olmamışdım. Sanki sən müharibə vaxtı oradasan. Orada güllələnmiş evləri və kiçik həyatı görürsən. Bunu hiss etmək olur. Həqiqətən də bizi ora apara bildiyiniz üçün sizə böyük təşəkkür edirəm. Bu bizim üçün uzun müddət yaddaşımızdan silinməyəcək bir səfər idi” – deyə Avropalı qonaq təəssüratını bölüşüb.
Yeri gəlmişkən, BAMF qonaqların Azərbaycanın Tərtər və Bərdə rayonlarında yerləşən istixanalarına, kəndlərinə, ferma və fabriklərinə də səfərlərini təşkil edib. Bu ərazilərə və obyektlərə baxış həyata keçirən Jeroen Vilyams bildirib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir.Bu sahələrin böyük potensialı var və kənd təsərrüfatının inkişaf etdirilməsi sayəsində Azərbaycana daha çox gəlir verə bilər.
Jeroen Vilyams həmçinin qeyd edib ki, AB-nin iştirakı ilə bu ərazilərdə kənd təsərrüfatı və turizmin inkişafı istiqamətində qarşılıqlı fayda verəcək layihələrin həyata keçirilməsi üçün yaxşı potensial var. “Azərbaycan və AB regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində layihələr üzərində birgə çalışa bilər. Məsələn, biz istehsalı artırmaları üçün kiçik fermerlərə dəstək olmaq istərdik. Birgə işləyərək və bir-birindən öyrənməklə kiçik fermerlər, misal üçün, daha keyfiyyətli toxumları əldə edə bilərlər. Bu cür kiçik addımlar böyük təsirə malik ola bilər və düşünürəm ki, biz burada önəmli rol oynaya bilərik. Bərdə şəhəri qədim tarixi keçmişi ilə turizmin inkişafı üçün böyük potensiala malikdir. Ekspert olmasam da, “ Nüşabə türbəsi” mənə görə UNESCO-nun mədəni irsi siyahısına daxil edilə bilər. Əgər yaxşı işıqlandırma olsa, şəhərdə müxtəlif tarixi abidələrin gözəl təsviri yerləşdirilsə, tarixdən bəhs edən bir neçə stend qoysanız çoxlu sayda turist cəlb etmiş olarsınız. Kənd yerlərində turizmin inkişaf etdirilməsi sahəsində sizinlə əməkdaşlıq etməyə şad olarıq”.
Avropalı rəsmi həmçinin AB-nin dəstək olduğu Tərtər rayonundakı çiyələk fermasında da olub. Ferma “Azərbaycanda kənd təsərrüfatı rayonlarının meliorasiyası – çiyələk və tərəvəzçilik üçün münbit şəraitin inkişaf etdirilməsi yolu ilə kiçik fermerlərə dəstək olmaq layihəsi çərçivəsində yaradılıb. Bir zaman yeni şitillərlə və damcı üsulu ilə suvarma üçün sadə lakin effektli alətlərlə təmin edilən fermerlərə baş çəkərkən o bunun yaxşı bir nümunə olduğunu deyib və əlavə edib ki, az sayda vasitələrlə, iri şirkətlər və investisiyalar olmadan buradakı insanlar həyatını dəyişə, gəliri ikiqat artıra və həyat keyfiyyətini yaxşılaşdıra bilər.
“ Səfər bütövlükdə xoşuma gəldi və mən çox şey gördüm. Biz cəbhə xəttinə yaxın ərazidə yerləşən, daha əvvəl görmədiyim iki rayonda olduq. Siz orada həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin əhaliyə təsiri və çox sayda qaçqın görə bilərsiz. Siz burada Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) gördüyü çox mühüm işlərə də şahid ola bilərsiz. Fondun işi qürürvericidir, çünki, onlar kənd təsərrüfatı və ya minalardan təmizlənmə kimi sahələrdə çalışmaq üçün imkanlar yaratmaqla bu çətin şəraitdə insanlara ümid verirlər. Onların, eləcə də, “Avrasiya Kredit” adlı yaxşı idarə olunan mikromaliyyələşdirmə strukturu var. “Avrasiya Kredit” müharibədən zərər çəkmiş regionların yoxsul ailələrinə kredit verir. Bu ümid və səadətdir. Bunu daha da inkişaf etdirmək lazımdır. Gördüklərimiz min dənə kitab və hesabatdan daha qiymətlidir. Bunun insana təsiri daha uzun sürəndir” –deyərək Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmisi, əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams səfər barədə təəssüratını yekunlaşdırıb.
Anastasiya Lavrina
Eurasia Diary