Prokurorluq orqanlarının əməkdaşları qanvermə aksiyasında

Prokurorluq orqanlarının əməkdaşları qanvermə aksiyasında backend

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.


Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti belə nəcib və humanitar aksiya Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub. Əsaslı təmir və yenidənqurma işlərindən sonra burada keçirilən ilk qanvermə aksiyasında Naxçıvan Muxtar Respublika prokurorluq orqanlarının əməkdaşları iştirak ediblər.

Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. “Qan ver, yaşat” devizi altında keçirilən qanvermə aksiyasında Naxçıvan Muxtar Respublika prokurorunun köməkçisi Emil Abdullayev bildirib ki, başqalarının yaşaması üçün imkanımız daxilində olanı, əlimizdən gələni etmək həyatda ən vacib və gərəkli əməllərdən biridir. İnsan ən böyük məmnunluq hissini qan verməklə hansısa xəstənin yaşamasına dayaq durmaqda tapır. Bu il ikinci dəfədir ki, könüllü olaraq qan verirəm.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Pərvanə Hüseynova da qan verməklə çox böyük mənəvi rahatlıq hissi keçirdiyini vurğulayıb. O deyib ki, əgər, sənin verdiyin qan kimisə həyata qovuşdurur, kiminsə qəlbində sevinc, üzündə təbəssüm yaradırsa, onda insan fərəh hissi keçirir. Bundan savab nə ola bilər? Yaşayırsan və kiminsə yaşaması üçün yardımçı olursan. Qan vermək donorun özü üçün də sağlamlıqdır. Ona görə mən də həmişə ətrafımda olanlar arasında bunu təbliğ edir və onları donor mədəniyyətinə yiyələnməyə çağırıram.

Donorların müayinəsini və qan götürülməsini həyata keçirən Mərkəzi Qan Bankı şöbəsinin müdiri Məmmədəli Həsənov isə ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb.

Bir neçə saat davam edən aksiyada prokurorluq orqanlarının 27 əməkdaşı könüllü olaraq qan verib. Onlardan götürülən 13,5 litr qan Mərkəzi Qan Bankına təhvil verilib.
Diaspora