Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun barelyefi qoyulub

Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun barelyefi qoyulub backend

Qusar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun barelyefi qoyulub.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Qəhrəmanın adını daşıyan küçədə qoyulan barelyefin açılış mərasimi avqustun 15-də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Mərasim iştirakçıları barelyefin önünə tər güllər düzərək Ç.Qurbanovun, o cümlədən bütün şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Mərasimdə Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək müasir Azərbaycan Ordusunun yüksək intizamı və döyüş hazırlığı ilə dünyanın əksər silahlı birləşmələrinə nümunə olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətini hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev uğurla davam etdirir.

Bildirilib ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla birgə görülmüş tədbirlər nəticəsində onun nəşi düşmən tərəfdən alınıb və doğulduğu Qusar rayonunda dəfn edilib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Milli Qəhrəmanın atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib. S.Qurbanov bildirib ki, dövlətimizin başçısı Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi. Çingiz və onun kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.

Çıxışlarda aprel döyüşlərindən də danışılıb. Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı yaranmış mifin darmadağın olunduğu aprel döyüşlərinin şanlı qələbəmiz olduğu qeyd edilib.
Diaspora