Qazaxda Xalq Yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Qazaxda Xalq Yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb backend

Xalq Yazıçısı İsmayıl Şıxlının vəfatının 22-ci ildönümü ilə əlaqədar Qazax rayonunda anım mərasimi keçirilib.


Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli söz ustadının adını daşıyan parkda xatirəsinə ucaldılmış abidə önündə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova İsmayıl Şıxlının əsərlərinin millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından dəyərinin çox böyük olduğunu bildirib.

Qeyd olunub ki, İsmayıl Şıxlı əsərlərində mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərlərində azərbaycançılıq ideyası öz əksini tapıb və hər dövr üçün aktuallığını qoruyub saxlayıb.

Şairlərdən Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal, Ələddin İncəli, Mustafa Rasimoğlu, Tamella Poladlı, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü və başqaları çıxış edərək İsmayıl Şıxlı yaradıcılığından söz açıb, yazıçının Azərbaycan ədəbiyyatına bəxş etdiyi nümunələrdən danışıb, xatirəsinə həsr etdikləri şeirləri söyləyiblər.

Sonda yazıçının ailə üzvləri adından çıxış edən Teybə Hüseynova İsmayıl Şıxlı yaradıcılığına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Diaspora