Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı Naxçıvan şəhərində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr olunub.
Romanın süjet xəttini Bakı xanlığında Rusiya imperiyası işğalçı ordusunun komandanı general Sisianovun başının kəsilməsi və Fətəli şah Qacara göndərilməsi, eləcə də bundan sonrakı gərgin hadisələr təşkil edir. Geniş əhatə dairəsinə malik olan bu tarixi-fəlsəfi romanda Azərbaycan xanlıqlarında, Gürcüstan, Şimali Qafqaz, Rusiya, İran, Osmanlı imperiyası, eləcə də Avropada həmin dövrdə baş verən siyasi hadisələr yüksək sənətkarlıqla təsvir olunub.
Əsər oxucunu XIX əsrin əvvəllərinə aparır. Bakıda və Qarabağda cərəyan edən, Sankt-Peterburqda, İranda baş vermiş hadisələr romanda bəhs olunan dövrün sosial-siyasi mənzərəsini yaradır. Stepan Razinin edam səhnəsi, Bakıda Qoşa Qala qapısının qarşısında Qafqaz canişini general Sisianovun başının kəsilərək Azərbaycandakı, habelə İrandakı mövcud xanlıqların ərazilərindən keçərək Tehrana aparılması, eləcə də Qarabağ xanına qarşı sui-qəsd ustalıqla işlənilib, tarixi faktlara dəqiqliklə istinad edilib.
Bədii sözün gücündən ustalıqla istifadə olunan romanda müəyyən tarixi dövrdə və coğrafi məkanda baş vermiş hadisələr həm də yazıçı təxəyyülünün məhsulu kimi göstərilib. Təsvir olunan qəhrəmanların daxili aləmi, onların hiss və həyəcanları yazıçı Elçinə xas olan yüksək sənətkarlıqla qələmə alınıb. Yazıçı siyasi mübarizə və müharibə tarixlərinə diqqət yetirib, tarixi şəxsiyyətlərin daxili aləmini ustalıqla açıb. Müəllif əsərdə təsvir olunan obrazları belə xarakterizə edib: “Bu romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın hər səhifəsində tarixi dəqiqlik axtarmaq lazım deyil, həmin tarixi şəxsiyyətlər bu romanda artıq müəllifin qəhrəmanlarıdır”.
“Baş” romanının müəllifi əsərdə özünün hansı xalqa və ədəbiyyata mənsubluğunu dərindən nümayiş etdirib. Azərbaycan xanlıqlarının idarə olunması, əhalinin yaşayışı və üzləşdiyi çətinliklər, eləcə də XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycan mədəni-məişət həyatı zəngin bədii koloritlə, obrazların dili ilə oxucuya çatdırılır, bəhs olunan dövrün bədii-etnoqrafik mənzərəsi böyük ustalıqla canlandırılır. Əsərdə mövcud gerçəkliyin milli mənəviyyat baxımından araşdırılması, milli koloritin üstün istiqamət kimi götürülməsi onu deməyə əsas verir ki, “Baş” romanı həm də Azərbaycançılıq ideologiyasına xidmət edən dəyərli yaradıcılıq nümunəsidir.
Romanın Naxçıvanda təkrar çap olunması zərurəti də, heç şübhəsiz ki, qeyd olunan üstün keyfiyyətlərdən qaynaqlanır. Əminliklə demək olar ki, bu əsər naxçıvanlı oxucular tərəfindən böyük maraqla qarşılanacaq.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu