Cəbrayıl rayonunun Ermənistanın işğalından azad edilmiş yeganə yaşayış məntəqəsində - Cocuq Mərcanlı kəndində aparılan tikinti-quruculuq işləri yekunlaşıb.
Bu haqda Modern.az-a Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.X.Zeynalov qeyd edib ki, kənddə evlərin, məktəbin və məscidin tikintisi tam başa çatıb:
“Hələlik kəndə heç kim köçürülməyib. Bizə açılışın “Qurtuluş günü” olacağını bildiriblər. Cənab prezident açılış edəndən sonra ailələr evlərinə köçməyə başlayacaq. Köçürülmə xərcləri “Dövlətqaçqınkom”un hesabına həyata keçiriləcək”.
Kənd rəsmisinin sözlərinə görə, açılışdan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ev orderlərinin paylanmasına başlayacaq:
“İlkin mərhələdə 50 ailə köçürüləcək. Onların hər birinə orderlər veriləcək. Bundan sonra Cocuq Mərcanlıya köç başlayacaq. Köçürülmə işlərinin hamısını “Dövlətqaçqınkom” öz üzərinə götürüb”.
Modern.az ilkin mərhələdə Cocuq Mərcanlıya köçəcək 50 ailədən bir neçəsi ilə əlaqə saxlayıb.
Onlardan biri 1994-cü ildən bəri Cocuq Mərcanlı kəndini tərk etməyən və hələ ki buranın yeganə sakini olan Oqtay Həziyevin böyük qardaşı İsmət Həziyevin ailəsidir. Tarix fənnini tədris edən İsmət müəllim torpağına qayıtmağın sevincini yaşayır:
“Kənd azad olunandan mütəmadi olaraq gedib-gəlirik. Amma hazırda Biləsuvarda cəbrayıllıların məskunlaşdığı 3 saylı qəsəbədə yaşayırıq. 9 saylı məktəbdə müəllim işləyirəm. Torpağımız azad olunandan sonra burada yaşamağın mənası yoxdur, biz qayıtmalıyıq. Cənab prezidentimiz sağ olsun”.
İ.Həziyev bildirib ki, torpağa qayıtmaqdan gözəl heç nə yoxdur. Altı nəfər ailə üzvü olan Həziyevlər həm də “qaçqınlıq” damğasından xilas olduqları üçün sevinirlər:
“Heç olmasa adamın alnından qaçqın damğası götürülür. Həyat yoldaşım, qızım, oğlum, gəlinim və nəvəmlə birlikdə vətənə qayıdacağıq. Qayıdan kimi də öz məktəbimizdə müəllim işləyəcəm. Artıq Cocuq Mərcanlıdakı məktəbdə çalışacaq müəllimlərin hamısı müəyyən edilib. Biz tam könüllü qayıdırıq. Burada hətta yaxşı mənada dava salanlar da var qayıtmaq üçün. İlkin olaraq 50 ev tikilib, sonradan da 150 ev tikiləcək. İndi hamı qayıtmaq istəyir. Amma hökumət birinci uşaqlı ailələr və müəllimlərin qayıtması üçün qərar verib ki, məktəb boş qalmasın”.
Onun sözlərinə görə, daha bir neçə qohumu Cocuq Mərcanlıya qayıdanlar sırasındadırlar:
“Qardaşım oğlu həm ingilis dili müəllimidir, həm də psixoloqdur. Bilsuvarda 11-ci qəsəbədə işləyir. O da qayıdır. Eyni zamanda bacım ailəsilə, əmim uşaqları ailəsilə qayıdır. Cocuq Mərcanlıdan olanların çoxu Biləsuvardakı 11 qəsəbədə və Bakıda, Sumqayıtda məskunlaşıb. Evlər tam hazırdır. Gözləyirik cənab prezident açılışı etsin, biz də evimizə gedək. Cənab sədr Əli Həsənov bizə bildirdi ki, qayıdış üçün bütün xərclər kimitənin hesabına həyata keçiriləcək.
Oradakı evlər iki, üç, dörd otaqlıdır. Ailə üzvlərinin sayı bir, iki, üç olanlara iki otaqlı, üzvlərinin sayı dörd, beş olanlar üç otaqlı, üzvlərinin sayı altı və yuxarı olanlara dörd otaqlı mənzil veriləcək. Bizə bildirdiklərinə görə, açılış iyunun 15-nə “Qurtuluş günü”nə planlaşdırılıb”.
Vətənə qayıdanlardan hazırda Bakının Yasamal rayonunda məskunlaşan filoloq Esmira Orucova burada olduğu müddətdə jurnalist kimi fəaliyyət göstərsə də, Cocuq Mərcanlıda müəllim kimi çalışacaq:
“Hazırda Yasamalda qardaşımın evində yaşayırıq. Ailəmiz dörd nəfərdən ibarətdir: anam, iki övladım və mən”.
E.Orucova bildirib ki, hələ ötən ilin dekabr ayından kəndə qayıtmaq üçün ərizə ilə müraciət ediblər:
“Bizim kənd icra nümayəndəsi bu barədə hamıya, o cümlədən də bizə məlumat verəndə, heç düşünmədən qayıtmaq qərarı verdik. Ən çox da anama görə qayıdırıq. Çünki o, yaşlı və xəstədir. Övladlarımın birinin 14, digərinin 10 yaşı var. Sevinirəm ki, övladlarım öz torpağımızda böyüyəcək”.
Gülşən RAUFQIZI
Modern.az