Xaçmazın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun Xanoba, Tel və Yaquboba kəndlərinin qazlaşdırılması başa çatdırılaraq, ümumilikdə, 534 abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 7-də kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə bildirilib ki, 3 kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 min 160 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kəndlərdəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb. Beləliklə, rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 93-ə çatıb.
Qeyd olunub ki, Xaçmazda Nabran qəsəbəsi də daxil olmaqla, turizm zonasına aid 19 yaşayış məntəqəsinin qazlaşdırılması işləri həyata keçirilir. Artıq təbii qazla təmin olunan üç kəndlə yanaşı, Səlimoba və Günəşli kəndlərində də qaz çəkilişi yekunlaşmaq üzrədir. İstirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini xeyli azaldacaq. Nabran istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradır. Bu səbəbdən soyuq aylarda, demək olar, əksər obyektlərin fəaliyyəti məhdudlaşır. Amma yaxın günlərdə bu çətinliklər arxada qalacaq.
Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.