Səyyar “ASAN xidmət” iyunun 5-dən iyulun 4-dək Daşkəsən, Balakən, Yardımlı, İmişli şəhərlərində, iyunun 5-dən 19-dək Ağdam şəhərində vətəndaşlara xidmət göstərəcək.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən bildirir ki, səyyar avtobuslar mayın 20-dən iyunun 8-dək Zərdabda, mayın 22-dən iyunun 20-dək Qusarda, mayın 26-dan iyunun 9-dək Mehdiabad qəsəbəsində, iyunun 1-dən 10-dək Türkan qəsəbəsində, səyyar “ASAN qatar” isə mayın 22-dən iyunun 5-dək Xaçmazda vətəndaşların xidmətində olacaq. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.