İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav muxtar respublikaya səfəri çərçivəsində Naxçıvanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən bildirir ki, səfir əvvəlcə Naxçıvan Dövlət Universitetində olub, ali təhsil ocağının beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri ilə görüşüb. Dan Stav İsrail-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub, tələbələri maraqlandıran sualları cavablandırıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında olan qonağa məlumat verilib ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. 2015-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi xəstəxanada, ümumilikdə, 300 çarpayıdan ibarət 14 stasionar şöbə var. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da yaradılıb. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompüter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları fəaliyyət göstərir.
“AKİ Əczaçılıq Anbarı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanış olan səfirə müəssisə haqqında ətraflı məlumat verilib.
İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.