Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.Mərkəzlə tanışlıq zamanı dövlət başçısına və xanımına məlumat verilib ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın inşası yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş olunur. Burada Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə, onun uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet dövrünə və müstəqillik illərinə aid müxtəlif fotolarına geniş yer verilib.
Rəqs zalının, kompüter otağının, xalçaçılıq dərnəyinin, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 130 yerlik iclas zalı da var. Bundan əlavə, mərkəzdə 3D kino zalı, 20 nəfərlik konfrans zalı, rəsm otağı, kompüterlərlə və ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.
Son vaxtlar Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Ağdamdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikah bağlayan gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi də həyata keçiriləcək.
Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı və xanımı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.