Şiddətli leysan yağışları Qusar rayonunun Kuzun kəndində ciddi fəsadlar törədib.
Trend-in RTV-yə (Region TV) istinadən verdiyi məlumata görə, Qusar fövqəladə hallar komissiyasının sədri Şahid Fərəməzov açıqlamasında bildirib ki, dağlardan gələn sel suları Şahdağın ətəklərində yerləşən Kuzun kəndində 20-dən çox evin içinə dolub.Selin təsirindən bəzi evlərin divarları uçulub. Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alan yoxdur. Dağılmaq ehtimalı olan evlərin sakinləri təhlükəsiz əraziyə köçürülüb.
Cəmi 2 saat ərzində yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünün bir hissəsini də sıradan çıxarıb. Sel kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlarına da ciddi ziyan vurub. Sel arı yeşiklərini və mal-qaranı aparıb.
Hazırda yağış yağmasa da, dağlardan kəndə sel sularının axını davam edir. Müvafiq strukturların nümayəndələri selin fəsadlarının aradan qaldırılması və insanların xəsarət almaması üçün çalışırlar.