Ukrayna ordusu "İsgəndər" raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirib

Ukrayna ordusu "İsgəndər" raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirib backend

Noyabrın 27-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Tula vilayətində yerləşən və "İsgəndər" ballistik raketləri üçün yanacaq istehsalında iştirak edən zavoda zərbə endirib.

Qaziler.az bildirir ki, "RBK-Ukraina"nın Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasına istinadən yaydığı məlumata görə, Müdafiə Qüvvələri Rusiya ərazisində fəaliyyət göstərən "Çornaya İskra" üsyançı hərəkatı ilə birlikdə "Yefremov Sintetik Kauçuk Zavodu"nu vurub. Müəssisə bərk raket yanacağının, o cümlədən "İsgəndər" raketləri üçün yanacağın istehsalına cəlb olunub.

"Dəyən ziyanın miqyası dəqiqləşdirilir", — deyə Baş Qərargahdan bildirilib.

Qeyd olunur ki, sintetik kauçuk bərk raket yanacağının əsasını təşkil edir. O, oksidləşdiricini və metal tozunu vahid möhkəm kütlə halında birləşdirir. Bu cür yanacaq çatlamır və raketin mühərrikində bərabər şəkildə yanır.

Hərbçilər vurğulayıblar ki, kauçuk olmadan "İsgəndər" raketləri sadəcə "anbarda yatan dəmir parçası"na çevrilir. Rusiya ordusu məhz bu raketlərlə Ukrayna şəhərlərinə, enerji infrastrukturuna və mülki obyektlərə zərbələr endirir.

Baş Qərargahdan o da əlavə edilib ki, bu zavoda endirilən hər bir zərbə Ukraynaya doğru uça biləcək ballistik raketlərin sayının azalması deməkdir.

QAZİLER.AZ