25–26 noyabr tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edəcək.
Qaziler.az bildirir ki, "Kazinform" agentliyinin Prezidentin müşaviri — mətbuat katibi Aybek Smadiyarova istinadən verdiyi məlumata görə, səfər çərçivəsində dövlət başçılarının görüşü keçiriləcək və görüşdə Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının və müttəfiqliyinin daha da möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq.
"Qazaxıstan Prezidenti həmçinin Süni İntellekt üzrə Beynəlxalq Konfransın — "AI Journey 2026"-nın işində iştirak edəcək", — deyə Smadiyarov bildirib.
Xatırladaq ki, noyabrın 11-də dövlət başçısı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etmişdi. Sammitdə Qazaxıstan Prezidenti ilə yanaşı, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, eləcə də KTMT-nin Baş katibi Taalatbek Masadıkov iştirak etmişdilər. Dövlət başçıları KTMT çərçivəsində qarşılıqlı fəaliyyətin əsas aspektlərini nəzərdən keçirmiş, Təşkilatın 2026-cı il üzrə fəaliyyətinin nəticələrini qiymətləndirmiş və qarşıdakı dövr üçün əsas iş istiqamətlərini müəyyənləşdirmişdilər.
QAZİLER.AZ