Rusiya, Belarus və Ukrayna üç ölkənin gələcəyinə aid məsələləri müstəqil şəkildə həll etməlidirlər.
Qaziler.az bildirir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Fransanın "Le Point" jurnalına verdiyi müsahibədə bəyan edib.
Onun fikrincə, Moskva, Minsk və Kiyev Avropa dövlətlərinin iştirakı ilə müqayisədə münaqişənin dayandırılması barədə razılığa daha tez gələ bilərlər.
"Onsuz da üçümüz — Ukrayna, Belarus və Rusiya gələcəyimizin necə olacağını müəyyən edəcəyik. Biz üç slavyan xalqıyıq. Bizim rolumuz əsas olacaq. Burada, bu regionda üç əsas slavyan xalqı tarixən olduğu kimi indi də bundan sonra necə yaşayacağına qərar verəcək", — deyə Lukaşenko bildirib.
Belarus lideri belə bir danışıqlar formatı tərəflərə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də regionun gələcək quruluşunu razılaşdırmağa imkan verəcəyinə əminliyini ifadə edib. O, həmçinin əldə olunacaq razılaşmaların üç dövlətin sakinləri tərəfindən anlayışla qarşılanacağını qeyd edib.
Aleksandr Lukaşenko bununla yanaşı Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya lideri Vladimir Putinlə görüşmək üçün onunla birlikdə Moskvaya getməyi təklif edib. Belarus lideri Ukrayna prezidentinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib və üç liderin danışıqlarının münaqişənin başa çatmasını sürətləndirə biləcəyini vurğulayıb.
QAZİLER.AZ
