1993-cü ildə həyat yoldaşı Fatimə Məcidini və kiçik oğlunu avtomobil qəzasında itirdikdən sonra Pezeşkian bir daha evlənməyib...
İran Prezidenti Məsud Pezeşkianın enerjiyə qənaət məqsədilə evində istilik cihazlarını yandırmayaraq gecələr gödəkçə ilə yatması və iş otağında yalnız stolüstü lampadan istifadə etməsi barədə açıqlamaları ölkədə geniş müzakirələrə səbəb olub.
Moderator.az "Azad İran" kanalına istinadla xəbər verir ki, iranlı din xadimi dövlət başçısının bu sözlərinə vətəndaşlara verdiyi oxşar tövsiyələrə maraqlı və tənqidi münasibət bildirib.
M.Pezeşkiana səslənən din xadimi onun evdə gödəkçə ilə yatmasının səbəbini məhz ailəli olmaması ilə əlaqələndirib:
"Əgər ailəli olsaydınız, xanımınız buna icazə verməzdi. Siz də gödəkçəsiz, yorğan altında ailənizin yanında yatmalı olardınız".
Fikirlərini dini nümunələrlə davam etdirən ruhani Həzrət Xədicənin vəfatından sonra Məhəmməd Peyğəmbərin(ə.s), Həzrət Zəhranın vəfatından sonra isə İmam Əlinin yenidən ailə qurduğunu xatırladıb. O, subay qalmağın fəxr olmadığını vurğulayaraq, ailə saxlamağı bacarmağın əsl hünər olduğunu deyib və sonda "Ölkə idarəçiliyi də elə ailə saxlamaq kimidir" ifadəsini işlədib.
Xatırladaq ki, noyabrın 19-da Tehran Universitetində keçirilən tədbirdə çıxış edən İran Prezidenti Məsud Pezeşkian ölkədə qaz və elektrik enerjisinə qənaət etməyin vacibliyini vurğulayarkən "Mən prezidentəm, amma evimdə heç bir isitmə cihazı və işıq yandırmıram, gödəkçə və paltarla yatıram" deyə bildirmişdi.
Qeyd edək ki, M.Pezeşkian 1993-cü ildə həyat yoldaşı Fatimə Məcidini və kiçik oğlunu avtomobil qəzasında itirdikdən sonra bir daha evlənməyib...

