Azərbaycandan könüllü şəkildə Ermənistana köçən erməni mənşəli sakinlərə bu ölkədə verilən yeni biometrik pasportlarda “doğum yeri” qrafasında “Azərbaycan” qeyd olunur.
Qaziler.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb.
Qurumun noyabrın 19-da dərc etdiyi açıqlamada bu qaydanın beynəlxalq standartların tətbiqi ilə əlaqədar olduğu bildirilib. Xidmət bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 saylı sənədinə və ölkələrin, eləcə də onların inzibati-ərazi vahidlərinin kodlarını tənzimləyən ISO 3166 standartına istinad edib.
Ermənistan DİN-in açıqlamasında qeyd olunub ki, beynəlxalq qaydalarda nəzərdə tutulmayan işarə və adların sənədlərə daxil edilməsi sərhəd nəzarətindən keçərkən çətinliklər yarada bilər.
Nazirlikdən bildirilib ki, əvvəllər müxtəlif ölkələrin sərhəd nəzarəti orqanlarından köhnə nümunəli Ermənistan pasportlarında yer alan qeydlərlə bağlı çoxsaylı müraciətlər daxil olub. Yaranan suallar xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həll edilib.
Qurumun məlumatına görə, yeni biometrik sistemin tətbiqi ilə sənədlərdə məlumatların qeyd olunması üzrə vahid yanaşma müəyyənləşdirilib. Bu addımın məqsədi sərhəd-keçid prosedurları zamanı oxşar problemlərin qarşısını almaqdır.
Xatırladaq ki, Ermənistan cəmiyyətindəki revanşistlər Azərbaycanın Qarabağ bölgəsinin keçmiş erməni sakinlərinin Ermənistan pasportu alarkən "doğum yeri" qrafasına Azərbaycan yazılması ilə bağlı təxribatçı açıqlamalar vermişdi.
Trend.az

