Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, jandarma qrupları tərəfindən 33 əyalətdə narkotik qaçaqmalçıları və qanunsuz çətənə becərilməsi ilə məşğul olanları hədəf alan əməliyyatlarda 254 şübhəli saxlanılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, narkotik vasitələrin satıcıları və qanunsuz çətənə əkininə qarşı Jandarma Baş Komandanlığının Narkotik Cinayətlərlə Mübarizə Departamenti və Respublika Baş Prokurorluqlarının koordinasiyası ilə əməliyyat-axtarış tədbirləri keçirilib.
Şübhəlilərin qanunsuz çətənə və "skunk" əkərək narkotik istehsalına mənbə yaratdıqları, narkotik ticarətini mütəşəkkil şəkildə həyata keçirdikləri, eləcə də sosial media və mesajlaşma tətbiqləri vasitəsilə narkotik satdıqları müəyyən edilib.
Bununla əlaqədar vilayət jandarma komandanlıqları tərəfindən 1620 narkotik və ictimai asayiş qrupu, 8 105 şəxsi heyət və Narkotik Cinayətlərlə Mübarizə Departamentinin Analiz və İzləmə qruplarının iştirakı ilə 33 vilayətdə əməliyyatlar təşkil olunub.
Əməliyyatlar nəticəsində 254 şübhəli saxlanılıb, 504 kiloqram narkotik vasitə və 104 056 ədəd narkotik tərkibli həb götürülüb. Çoxlu sayda çətənə və "skunk" kolu məhv edilib.
Saxlanılan şübhəlilərdən 159-u barəsində həbs qətimkan tədbiri seçilib, 95-i haqqında isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.
QAZİLER.AZ

