Qırğızıstanın Çuy vilayətinin Jayıl rayonunun Qızıl-Oy kəndində Türkmən ümumtəhsil məktəbinin köhnə binasında yanğın baş verib.
İlkin məlumata görə, yanğın səhər saat 8 radələrində başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu lokallaşdırıblar.
Maarif Nazirliyindən bildirilib ki, köhnə binada yeməkxana, kitabxana və üçsaatlıq rejimdə fəaliyyət göstərən iki qrupluq uşaq bağçası yerləşirdi. Bağçaya 31 uşaq gedir. Yanğın zamanı binada uşaq olmayıb, bağçanın mebellərini isə xilas etmək mümkün olub.
Nazirliyin məlumatına əsasən, məktəbin köhnə binası 1974-cü ildə tikilib və sahəsi 464 kvadratmetrdir. Sahəsi 1160 kvadratmetr olan yeni bina isə 1994-cü ildə inşa edilib. 220 şagird yerlik məktəbdə hazırda 137 uşaq təhsil alır.
Nazirlikdən həmçinin qeyd olunub ki, uşaq bağçasının onsaatlıq iş rejiminə keçirilməsinə hazırlıq görülür.
QAZİLER.AZ

