Özbəkistan Respublikası Prezidentinin qərarı ilə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin azadlığa buraxılmağa hazırlanması və sosializasiyasının təmin edilməsi üzrə əlavə tədbirlər təsdiq olunub.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, cəzaların İcrası Məcəlləsi peşə təhsilini məhkumların islah edilməsinin əsas vasitələrinə aid edir. Sənəddə hər il azı 15-20 min məhkumun tələbat olan peşələrə yiyələnməsi və 2030-cu ilədək peşə təhsili ilə əhatə dairəsinin 60 faizə çatdırılması hədəflənir.
2027/2028-ci tədris ilindən etibarən məhkumlar qəbul imtahanlarını birbaşa koloniyalarda verə, ali məktəblərə daxil ola və ödənişli-müqavilə əsasında distant təhsil ala biləcəklər. Dərslərin keçirilməsi üçün koloniyalarda videokonfrans rabitəsi ilə təchiz olunmuş otaqlar ayrılacaq.
Koloniyalardakı peşə tədrisi mərkəzləri Peşə Təhsili Agentliyinin tabeliyinə verilir və texnikum adlandırılır. Burada peşə təhsili ödənişsizdir, proqram və ya kursları uğurla bitirənlərə isə dövlət nümunəli diplom və ya sertifikat təqdim olunacaq.
Texnikumu olmayan koloniyalara ən yaxın texnikumlar təhkim ediləcək, bəzi nəzəri dərslər isə distant qaydada keçirilə biləcək. Məhkumlar təcrübəni koloniyaların istehsalat müəssisələrində keçəcəklər.
Məhkumlara dərs deyən pedaqoqlara ixtisas dərəcəsindən asılı olmayaraq ümumtəhsil məktəbinin ali kateqoriyalı müəlliminin tarif dərəcəsi üzrə saathesabı əməkhaqqı ödəniləcək. Həmin məbləğə 35 faiz həcmində əlavə də hesablanacaq.
Diplom və ya sertifikat almış məhkumlar barədə məlumatlar azadlığa buraxılmalarına ən gecı bir ay qalmış Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinə ötürüləcək. Bu, onların yiyələndikləri peşə üzrə işlə təmin olunmaları üçün nəzərdə tutulub.
QAZİLER.AZ

