Van gölündə saat 18:57-də 4,3 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatında deyilir.
Yerin 13,61 kilometr dərinliyində qeydə alınan yeraltı təkanların episentrinin Gevaş rayonundan 7,74 kilometr aralıda yerləşdiyi bildirilib.
Bölgədə narahatlığa səbəb olan sarsıntı ilə bağlı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verərək nəqliyyat və rabitə sahəsində hər hansı problemin yaşanmadığını bildirib:
"Episentri Vanın Gevaş rayonu olan 4,3 bal gücündəki zəlzələdən təsirlənən bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram. İlkin məlumatlara görə, nəqliyyat və rabitə infrastrukturumuzda hər hansı mənfi hal aşkarlanmayıb, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə vəziyyəti yaxından izləyirik. Allah ölkəmizi və millətimizi hər cür fəlakətdən qorusun".
Digər tərəfdən, baş verən zəlzələ ötən aprel ayında Tuşba rayonunda qeydə alınan 5,2 bal gücündəki yeraltı təkandan sonra mütəxəssislərin verdiyi açıqlamaları yenidən gündəmə gətirib.
Seysmoloq, professor Naci Görür həmin 5,2 ballıq zəlzələdən sonra Van-Yeşilköşk fay zonasına diqqət çəkərək bu ərazinin üstəgəlmə zonası olduğunu bildirmişdi: "Bu zona üstəgəlmə zonasıdır və daha əvvəl də burada zəlzələ olub. 7 bal gücündə zəlzələ törətmək potensialına malikdir, lakin hazırda bu böyüklükdə yeni bir zəlzələ gözləmirik".
Qeyd edək ki, AFAD tərəfindən dərc olunan siyahıda Balıkesir, İzmir, İstanbul, Malatya, Kahramanmaraş, Hatay, Düzce, Muğla, Tokat, Bingöl, Manisa və digər vilayətlərə aid son dəqiqə zəlzələ məlumatlarını anlıq olaraq izləmək mümkündür.
QAZİLER.AZ

